EN

Orta Dəhlizlə konteyner daşımalarının həcmi artıb

Astana, 21 avqust, AZƏRTAC

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TITR, Orta Dəhliz) tələbat daşımaların həcminin sabit artımı ilə təsdiqlənir.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə TITR Beynəlxalq Assosiasiyasının baş katibi vəzifəsini icra edən Nurgül Jakupova məlumat verib.

Onun sözlərinə görə, cari ilin 6 ayının yekunlarına əsasən, TITR vasitəsilə daşımaların həcmi 926 min ton təşkil edib ki, bu da 2024-cü ilin birinci yarısının analoji göstəricisindən 6% və ya 48 min ton artıqdır. Konteyner daşımalarında xüsusilə nəzərəçarpacaq artım müşahidə olunur: 40,2 min TEU daşınıb ki, bu da ötən ilin göstəricisindən 93% çoxdur.

N.Jakupova qeyd edib: “Əlavə olaraq, Qazaxıstan ərazisindən tranzit daşımaların artımını qeyd etmək yerinə düşər: 6 ayda TITR vasitəsilə 262 min ton tranzit yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65% çoxdur. Artımın əsas töhfəsini Çindən konteyner daşımaları təmin edir”.

Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
5
3
azertag.az

4Sources