Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Pakistanın 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Bakues.az bu barədə agentliyə istinadən xəbər verir.
Pakistanın beynəlxalq turizm sərgisini “Pakistan Travel Mart”la birgə təşkil olunan tanışlıq turu çərçivəsində iştirakçılara mədəni irs, təbiət, tarixi turizm üzrə müxtəlif turizm məhsulları tanıdılıb və turizm sənayesi nümayəndələri arasında B2B formatında görüşlər keçirilib.
50-yə yaxın yerli şirkətin iştirak etdiyi B2B görüşdə qarşılıqlı əməkdaşlıq imkanları və turist mübadiləsi üzrə müzakirələr aparılıb.
Hazırda Pakistanın Lahor və İslamabad şəhərlərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirilir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 46 mindən çox Pakistan vətəndaşı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 % artım deməkdir.