“Ermənistanla Azərbaycan arasındakı anklav və eksklavlarla bağlı məsələlər hüquqi və siyasi əsaslarla həll edilməlidir”.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsi zamanı deyib.
"Mən azərbaycanlılara demişəm ki, anklavlar üçün heç bir hüquqi əsas yoxdur, onlar dedilər ki, bizdə var və təqdim edəcəyik. Onlar da Artsvaşenin hüquqi əsaslarının mövcudluğuna şübhə ilə yanaşdılar və biz də öz növbəmizdə bildirdik ki, bunları təqdim edəcəyik. Xüsusilə indi bu məsələlər hüquqi-siyasi əsaslarla həll edilməlidir”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan qeyd edib ki, demarkasiya komissiyaları hələ ki, bu məsələni təfərrüatlı şəkildə həll etməyiblər, lakin nə vaxtsa bunu etməli olacaqlar.
"Bizim yeni heç nə yaratmağa ehtiyacımız yoxdur və lazım olmayacaq. Əgər Alma-Ata Bəyannaməsi qəbul edilən zaman mövcud olan hüquqi baza varsa, o zaman bu faktla üzləşməliyik", -deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az