EN

Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır

Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.

Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

Sənədə əsasən, bu ayın sonunadək mənzil mülkiyyətçisi qismində çıxış edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mənzilin yerləşdiyi torpaq sahəsinə münasibətdə hüquqlarının tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.

Bundan başqa, bu ayın sonunadək torpaq icarəsi ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqini stimullaşdırmaq məqsədilə müvafiq təhlillər aparılacaq və zərurət olduqda nəticələr əsasında təkliflər veriləcək.

Eyni zamanda, beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla mühafizə zolağında yerləşən daşınmaz əmlakların qeydiyyatından imtina hallarının azaldılması üçün qanunvericiliyə uyğun tənzimləmə aparılması hədəflənir. Bu məqsədlə magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.


Chosen
32
5
azia.az

6Sources