ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ukrayna ilə Rusiya arasında davam edən münaqişənin diplomatik həllinə dair yeni təşəbbüslər gündəmdədir. Bu çərçivədə mümkün üçtərəfli sammitin keçirilməsi barədə müzakirələr aparılır.
Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Prezident Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında əvvəlcə ikitərəfli görüşün təşkili nəzərdə tutulur. Daha sonra isə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə geniş formatlı sammitin keçirilməsi planlaşdırılır.
Yermakın sözlərinə görə, görüş üçün bir neçə beynəlxalq məkan variantı nəzərdən keçirilir. Onun qeyd etdiyi yerlər arasında Vatikan, Cenevrə, İstanbul və Səudiyyə Ərəbistanı xüsusi olaraq vurğulanıb. O həmçinin bildirib ki, son günlər gündəmdə olan Budapeşt variantı üstünlük verilən seçim deyil. Rəsmi Kiyev bu yanaşmanı 1994-cü ildə qəbul olunmuş, lakin icra edilməmiş Budapeşt Memorandumunun mənfi assosiasiyaları ilə əlaqələndirir.
Seçiləcək görüş yeri sadəcə "diplomatik simvolika" olacaq, yoxsa tərəflərin kompromisə hazırlığını real şəkildə göstərəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, üçtərəfli görüşün baş tutması üçün Ukrayna və Rusiya arasında bir sıra məsələlərdə razılıq əldə olunmalıdır. Bu məsələlərin əsasını isə ərazi güzəştləri təşkil edir. Böyük ehtimalla Ukrayna artıq bu istiqamətdə müəyyən razılığa gəlib. Parlamentdə qəbul edilən qanun da Kiyevin ərazi güzəştlərinə hazır olduğunu göstərir. Lakin hələ də açıq qalan məsələ təhlükəsizlik təminatları ilə bağlıdır:
"Ukraynanın təhlükəsizliyini təmin edə biləcək yeganə yol NATO-ya üzvlükdür. Ancaq bu, hazırkı şəraitdə qeyri-mümkün görünür. Çünki başda Birləşmiş Ştatlar olmaqla, həm NATO üzvü olan Avropa İttifaqı ölkələri, həm də Britaniya Ukraynanın alyansa qəbuluna hazır deyil".

Əli Zülfüqaroğlu: Ukrayna məsələsi təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın predmeti deyil
Onun sözlərinə görə, digər tərəfdən, Avropa İttifaqı çalışır ki, təhlükəsizlik təminatında əsas rolu ABŞ oynasın. Təkliflərdən biri ondan ibarətdir ki, atəşkəs əldə olunduqdan sonra tərəflərin mövqelərində ABŞ ordusu yerləşdirilsin. Lakin ABŞ-ın vitse-prezidenti Vens bu ideyanı birmənalı şəkildə rədd edərək bildirdi ki, əgər təhlükəsizlik təminatı ilə bağlı razılaşma əldə olunarsa, bu yük Avropa İttifaqı və Britaniyanın üzərinə düşməlidir. Bu yanaşma, əslində, məsuliyyətin tam şəkildə Avropanın üzərinə ötürülməsi deməkdir:
"Burada diqqət çəkən məqam odur ki, Ukrayna məsələsi təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın predmeti deyil. Eyni zamanda ABŞ və Avropa İttifaqı arasında münasibətlərin perspektivi baxımından da bir “kart” kimi istifadə olunur. Avropa İttifaqı yeni dünya düzənində müstəqil güc mərkəzi kimi çıxış etməyə çalışsa da, Vaşinqton Avropanın bir bazar olaraq öz nəzarəti altında qalmasında maraqlıdır. Buna görə də ABŞ heç vaxt Avropa İttifaqının müstəqil region kimi önə çıxmasına imkan verməyəcək".
Müsahibimiz onu da qeyd edib ki, ABŞ-nin təhlükəsizlik təminatı ilə bağlı açıqlaması həm də Rusiyanın Avropa İttifaqına təzyiqlərini artırmaq üçün imkan yaradıb. Rusiya isə açıq şəkildə bəyan edir ki, heç bir NATO ölkəsinin, hətta sülhməramlı statusunda belə, Ukraynada mövcudluğunu qəbul etməyəcək. Bu isə, dolayısı ilə, Avropa İttifaqına təzyiqdir və eyni zamanda ABŞ-ın Avropa üzərində təsirini gücləndirən addım kimi görünür:
"Bütün bunlar göstərir ki, üçtərəfli görüşün keçirilməsi üçün yalnız Ukrayna-Rusiya münasibətləri deyil, həm də ABŞ-Avropa İttifaqı arasındakı strateji ziddiyyətlər öncədən müəyyən dərəcədə həllini tapmalıdır. Ağ Evdə çəkilmiş məşhur foto bu münasibətlərin mahiyyətini əks etdirən simvolik nümunədir. Üçtərəfli görüşün reallaşması yalnız ərazi güzəştləri deyil, həm də təhlükəsizlik təminatları ilə bağlı qeyri-müəyyənliklərin aradan qaldırılmasından asılıdır".
Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.