EN

Çin və ABŞ alimləri binaların soyumasına kömək edən sement növü hazırlayıblar

Çinli və amerikalı alimlər işıq və istiliklə qarşılıqlı təsirə girərək binaların daxili hissəsində istilik yığılması əvəzinə onların soyumasını təmin edən yeni növ tikinti materialı hazırlayıblar.

"Report" xəbər verir ki, bu barədə araşdırmanın nəticəsi "Science Advances" elmi jurnalında yayımlanıb.

Yeni qarışığın tətbiqi gündüz istisində binaların daxilində temperaturu 5 dərəcə Selsi aşağı salmağa imkan verir.

Tədqiqatçılar bildirirlər ki, bu sement bərkiyərkən onun səthində təbii mineral olan ettringitin kristal strukturlarına bənzər xüsusi quruluş yaranır. Bu quruluş görünən işığı yaxşı əks etdirir və eyni zamanda, infraqırmızı şüalanmanı – spektrin orta hissəsindəki istiliyi, demək olar ki, tam şəkildə keçirir. Bu xüsusiyyət sayəsində binanın daxili temperaturu 5 dərəcə aşağı düşüb.

Yeni material “foton-strukturlaşdırılmış sement” adlandırılıb və onun üzərində işlər Cənub-Şərqi Universitetinin (Çin) professoru Miao Çanvenin rəhbərliyi ilə aparılıb. Alimlər bu material vasitəsilə klassik sementin əsas çatışmazlıqlarından birini – onun isti və tropik iqlimlərdə istifadə üçün yararsız olmasını aradan qaldırmağa çalışıblar. Belə ki, adi sement günəş işığının və istiliyin cəmi 30 faizini əks etdirə bilir.

Aparılan təcrübələrdə alimlər adi sementdən və yeni foton-strukturlaşdırılmış sementdən hazırlanmış ev modellərinin günəş işığına necə reaksiya verdiyini müqayisə ediblər. Nəticədə məlum olub ki, yeni material divarların qızmasını 60-70 dərəcədən 30-35 dərəcəyə qədər azaldıb və bu da daxili temperaturda 5 dərəcəlik fərq yaradıb.

Məqalədə qeyd olunur ki, bu yenilik gələcəkdə binaların soyudulması üçün tələb olunan enerji xərclərini ciddi şəkildə azalda bilər.

Chosen
50
2
report.az

10Sources