EN

Biləcəri qəsəbəsində yanğın təhlükəli filtr istehsalı sexinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Az Filter” MMC-yə məxsus filtr istehsalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektdə quraşdırılan avtomatik yanğınsöndürmə sistemləri (sprinkler) daimi su mənbəyi ilə təmin olunmayıb, yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun deyil. Həmçinin obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə edilib. İstehsalat və anbar sahələrində isə yanar materialdan istifadə olunaraq otaqlar quraşdırılıb. Anbar sahəsində mallar “Yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb. Eyni zamanda, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib, tikinti layihə sənədləri isə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən filtr istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.

Chosen
63
20
yeniazerbaycan.com

10Sources