Azərbaycan millisinin veteran futbolçusu Saşa Yunisoğlu Apasport.az saytına müsahibə verib.
- "Qarabağ"ın "Ferentsvaroş"u səfərdə məğlub edəcəyini ehtimal edirdin?
- Bəli, mən “Qarabağ”ın Macarıstan səfərindən qələbə ilə qayıdacağına inanırdım. Çünki bu il Avropada “Qarabağ” çox inamlı və etibarlı oyun göstərirdi. Nəticə də ortadadır: 5 oyun 5 qələbə. Çox gözəl nəticədir.
- Səncə, Azərbaycan çempionu rəqibini nəyin hesabına məğlub etməyi bacardı?
- Təbii ki, gözəl oyun, əzmkarlıq, istək, motivasiya və təcrübə nəticəsində bu vacib səfərdən qələbə ilə qayıtdığını deyə bilərik. Amma bir az dərinə getsək, anlayırsan ki, bu nəticələr hamısı klubda futbola düzgün yanaşmadan, peşəkarlıqdan və baş məşqçi Qurban Qurbanovun idarəetməsindən irəli gəlir. Buna məşq prosessi, transfer siyəsəti, yerli ilə əcnəbilərin düzgün sintezi, rəhbərliklə və futbolçular arasında olan münasibət, hamısı daxildir. Düzgün işin sonunda da, gözəl nəticələr olur.
- Elə düşünmürsən ki, "Ferentsvaroş" "Qarabağ"dan çox qorxurdu, çəkinirdi? Bunu kənardan görmək çətin deyildi sanki...
- Mən də gördüm ki, “Ferentsvaroş” sanki “Qarabağ”dan çəkinirdi. Açığı, belə oyunu o cür tanınmış “Ferentsvaroş”dan gözləmirdim. Amma bunda da “Qarabağ”ın əməyi var. Bir neçə il əvvəl “Qarabağ” “Ferentsvaroş”u bu meydançada 3:1 hesabı ilə məğlub etmişdi. Üstəlik, 12 ildir avrokuboklarda çıxış edən komanda artıq Avropada hamıya öz gücünü göstərib. Düşünmürəm ki, Avropada hansısa klub “Qarabağ”ı gözdən salıb, rahat oyuna çıxa bilsin. Artıq “Qarabağ”ın gücü hamı üçün bəllidir. Yəqin ki, bu matçda “Ferentsvaroş” daha çox müdafiədə etibarlı oynamaq istəyirdi. Amma yenə də alınmadı. “Qarabağ” dünən gecə möhtəşəm idi.
- Demək olar ki, "Qarabağ" ÇL-in qruplarına artıq 90 faiz yaxındır? Macarlar Bakıda geridönüş edə bilərki?
- Təbii ki, bu futboldur. Futbolda hər şey ola bilər. O qədər geri dönüşləri görmüşük. Amma “Qarabağ”ın 12 illik Avropa təcrübəsi komandanın eyforiyaya düşməyə imkan verəcəyinə inanmıram. Əminəm ki, klubda hamı bu dəqiqə cavab matçına birinci oyundan da ciddi yanaşacaq. “Ferentsvaroş” “Qarabağ”ı keçmək istəyirsə, öz başından yuxarı tullanmalı olacaq. İnanmıram ki, onlar bunu bacarsınlar.
- Əksəriyyət deyir ki, "Qarabağ" hücumçusuz qruplara düşməyə yaxındır. Yəqin ki, qruplara düşsələr, artıq hücumçu alacaqlar?
- Önəmli olan Çempionlar Liqasının əsas mərhələsinə düşməkdir. Bu, həm klub, həm də Azərbaycan futbolu üçün çox önəmli, faydalı və möhtəşəm nəticə olardı. Bundan sonra nə olacaq, nə etmək lazım gələcək, yəqin ki, Qurban Qurbanovun öz düşüncələri və planları var. Çox güman ki, bir hücumçu da əlavə alacaqlar. Çünki iki hücümçu ilə üç cəbhədə oynamaq çox çətindir. Cavab oyununda “Qarabağ”a uğurlar arzulayıram və əminəm ki, onlar yenə də Azərbaycan futbolsevərlərini sevindirəcəklər.
Son 10 ildə ilk dəfə: Startda 3 heç-heçə
Tahir Gözəl: “Hədsiz qürurluyuq”
Robbi Kin: "Qarabağ" artıq qalib gəldiyini düşünür"
Aqil Nəbiyevin yetirmələrindən növbəti qələbə
Elmar Baxşıyev: “Daha yaxşısını edə bilərik”