“Qarabağ” klubunun prezidenti Tahir Gözəl konandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş” üzərində əzmkar qələbəsini (3:1) Macarıstanda stadiondan canlı izləyib.
Publika.az xəbər verir ki, qarşılaşmadan sonra matçla bağlı təəssüratlarını klubun mətbuat xidmətinə bölüşüb.
Prezident komandanın bu mövsüm turnirin Liqa mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmə əzminə heyranlıq duyduğunu bildirib: “Bilirsiniz ki, Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışıq. Artıq pley-offdayıq. Hər zaman olduğu kimi, bu gün də komandamın yanında idim. Bugünkü qələbəyə görə hədsiz qürurluyuq. Komanda olaraq xalqımıza bu cür sevinc hisləri yaşatdığımız üçün çox sevinirik”.
Klub prezidenti müxtəlif ölkələrdən Macarıstana yollanaraq “Ferensvaroş” stadionunda “Qarabağ”ı dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib: “ABŞ-dən, Çexiyadan, Avropanın bir çox ölkələrindən gələn azarkeşlərimiz bizi dəstəkləyirdilər. Sayları 500 nəfər olmasına baxmayaraq, 22 minlik stadionda yerli fanatlardan heç də geri qalmadılar, hətta bəzən onları üstələdilər, komandamızı qələbəyə ruhlandırdılar. Birinci hissədə hesabda geri düşsək də, onların dəstəyi futbolçularımıza yenidən güc-qüvvət verdi. Azarkeşlərimizin sədaqəti, ruhu “Qarabağ”a hər zaman əlavə motivasiyadır”.
O, komandasının üstün oyunla qələbə qazanmasının böyük önəm kəsb etdiyini söyləyib: “Qələbədən çox bunu necə əldə etmək önəmlidir. Məni ən çox sevindirən də üstün oyun sərgiləməyimiz, topa daha çox sahib olmağımız idi. Xüsusən də, ikinci hissədə möhtəşəm çıxış etdik. Birinci hissədə bəxtsiz qol buraxsaq da, layiqli qələbə qazandıq. Taktiki üstünlüyümüzə rəqib uzun ötürmələrlə cavab verməyə çalışdı. Çünki təkbətək mübarizələrdə futbolçularımızla bacara bilmirdilər. Pley-off mərhələsində qələbə qazanmaq futbolçuların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, həm də tarixi hadisədir”.