EN

Bu ilin sonuna büdcə gəlirlərinin təsdiq edilmiş proqnozdan 836 milyon manat çox olacağı gözlənilir

Bakı, 19 avqust, AZƏRTAC

2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və ya 1,9 faiz artması gözlənilir.

Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320 milyon manatı və ya 41,6 faizi vergilər və

rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və ya 2,8 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16 milyard 320 milyon manat gözlənilir ki, bu da

cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard 020 milyon manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1 milyard 800 milyon manatını

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400

milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində

fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini və ya 2 milyard 100 milyon manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən

podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

2025-ci il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan

qazının bütün istiqamətlər üzrə 1000 kubmetrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların

600 milyon manat və ya 40 faiz artacağı gözlənilir.

2025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 020 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350 milyon manat və ya 3 faiz çoxdur.

Cari ilin yanvar-iyun ayları üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat və ya 3,5 faiz, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 faiz çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaradıb.

2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 680 min manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəricidən 200 min manat və ya 22,7 faiz az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40 min manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 min manat və ya 17,6 faiz çox, sair daxilolmaların isə 1 milyard 071 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə (861 milyon manat) müqayisədə 210 milyon manat və ya 24,4 faiz artım təşkil edəcəyi gözlənilir.

Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmalarının (6 milyard 600 milyon

manat), Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (14 milyard 481 milyon manat)

üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.

 

Chosen
28
15
azertag.az

10Sources