EN

Magistraturanın boş qalan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib.

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub. Onların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci nömrəsində veriləcək. Jurnalın elektron versiyasını (PDF formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında da əldə etmək olar.

Qəbul olunan şəxslər avqustun 21-dən 28-dək (saat 18:00 dək) elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Chosen
68
16
azerbaijan-news.az

10Sources