Bakının ətraf qəsəbə və yaşayış massivlərində həyət evlərinin qiymətlərində ucuşlaşma müşahidə olunur.
Belə ki, “kupça”sız evlərin qiyməti ucuzlaşıb, “kupça”lı mənzillərin qiyməti isə bahalaşıb. Xocasən, Sulutəpə, Xırdalan, Hökməli, Qobu və Lökbatan kimi ərazilərdə həm də kütləvi satışa çıxarılan evlərin sayında artım qeydə alınıb. “Makler”lərin məlumatına görə, satışa çıxarılan və qiyməti ucuzlaşan evlər əsasən bələdiyyə sənədi ilə tikilən “kupça”sız” evlərdir.
Bildirilib ki, Keşlədə dəmiryolu yaxınlığında sənədsiz evlərin sökülməsi və kompensasiya ödənilməməsi ilə bağlı xəbərlər sakinlər arasında narahatlıq yaradıb. Sənədsiz ev sahibləri eyni aqibəti yaşayacaqlarını düşündüklərindən, belə evləri hətta ilkin ödəniş və kredit şərtləri ilə satmağa razıdırlar. Amma qiymət münasib olsa da, satış çox zəifdir.
Çünki hazırda heç kim “kupça”sız ev almaq riskinə girmək istəmir.
Ümumiyyətlə, ev bazarında nə baş verir?
Referans xəbər verir ki , mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son illərin statistikasına görə, daşınmaz əmlak bazarında satılan evlərin əksəriyyəti kredit şərtləri, xüsusilə ipoteka yolu ilə əldə olunur.
Onun sözlərinə görə, bu fakt alıcıların daha çox çıxarışlı mənzillərə üstünlük verdiyini göstərir:
“Son 3 ilin statistikasına nəzər salsaq, daşınmaz əmlak bazarında satılan evlərin böyük bir hissəsinin müxtəlif kredit şərtləri, xüsusilə ipoteka krediti ilə satıldığını görərik. Bu isə onu deməyə əsas verir ki, alıcıların təlabatı və marağı əsasən daha çox çıxarışlı mənzillərə yönəlib. Çünki həmin mənzillər nağd ödənişlə deyil, daha çox kredit vasitəsilə satılır.
Hazırda ölkə üzrə, xüsusən Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışı olmayan fərdi həyət evi və müxtəlif növ əmlak var. Onların çıxarışının olmaması səbəbindən rəsmi qaydada alqı-satqı aparmaq mümkün deyil. Rəsmi qaydada alqı-satqı olmadığı üçün belə evlər yalnız qarşılıqlı razılaşma, müqavilə və ya etibarnamə yolu ilə satılır. Artıq sənədləşmə prosesinə nəzər salsaq, hər hansı əmlak rəsmiləşdirilərkən ilk növbədə həmin mülkə vaxtında verilmiş çıxarış, sərəncam və digər hüquqi sənədlər əsas götürülür.
Əgər sənədləşmələr başlayarsa, təbii ki, həmin sənədləşmələr ilk növbədə ilkin sənəd verilən şəxsin adına aparılmalıdır. Bu səbəbdən, əgər torpaq sahəsi və ya ev bir şəxsin adına rəsmiləşdirilibsə, qanunauyğun olaraq həmin mülk başqa şəxsin deyil, yalnız ilkin sahibin adına sənədləşdirilə bilər. Bu da gələcəkdə ciddi problemlərə yol açır”.
Elnur Fərzəliyev qeyd edib ki, çıxarışsız evlərin sahibləri ipoteka krediti ilə mənzil ala və həmin ünvana qeydiyyata düşə bilmirlər:
“Bu baxımdan, alıcılar çıxarışsız əmlakı ipoteka krediti ilə ala, həmin ünvana qeydiyyata düşə bilmirlər. Bundan başqa, gələcəkdə söküntü işləri aparılarsa, kompensasiya məsələlərində də problemlərlə üzləşə bilərlər. Bu səbəbə görə alıcıların böyük əksəriyyəti artıq çıxarışlı evlərə üstünlük verir. Bu da “kupça”sız evlərə tələbatın azalmasına və qiymətlərin enməsinə gətirib çıxarıb.
Digər tərəfdən, 2023-cü ilin oktyabrından qüvvəyə minən yeni qaydalara əsasən, çıxarışı olmayan torpaq sahələrində tikilən fərdi yaşayış evlərinə qaz, su, işıq və digər kommunal xidmətlər göstərilmir. Bu da sənədsiz torpaqlara marağın azalmasına və nəticədə onların qiymətlərinin nisbətən düşməsinə səbəb olub”.