BAKI, 18 avqust. TELEQRAF
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı bu gündən etibarən Dəniz Mall ticarət mərkəzində növbəti könüllü qanvermə aksiyasına start verib.
Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aksiya avqustun 31-dək hər gün saat 13:00-dan 20:00-dək davam edəcək.
Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün həyati vacib olan qan və qan komponentlərinin toplanmasıdır. Qan donorluğu vasitəsilə hər bir vətəndaş bu uşaqların sağlam gələcəyi naminə dəyərli töhfə verə bilər.
Qanvermə prosesi tam təhlükəsizdir və tibbi normalara uyğun şəkildə həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən müayinə edilir, yalnız qanverməyə yararlı şəxslər aksiyaya cəlb olunur.
Səhiyyə Nazirliyi Respublika Qan Bankı bütün vətəndaşları bu xeyirxah missiyaya qoşulmağa çağırır – sizin bağışladığınız hər qan bir uşağın həyatına işıq saçır!