EN

“Ərəb turistlərin davranışları bizi dərin sarsıtdı” - Politoloqdan şərh

Bir neçə il öncə qardaşım Turqay Rzayevi Aşura mərasiminə qatılmaq üçün məscidə dəvət etdim.

News365.az xəbər verir ki, politoloq bildirir ki, məqsədim ona İslamın mahiyyətini, İmam Hüseynin fədakarlığını və dinimizin gözəlliklərini tanıtmaq idi. O da təklifimi qəbul etdi.

28 Maydan İçərişəhər məscidinə qədər piyada getdik. Yolboyu gənclərin insanlara təmənnasız su paylaması, Nizami küçəsində halva paylanması bizdə çox xoş təəssürat yaratdı. Bu mənzərə həm qardaşım, həm də mənim üçün dinimizin paylaşmaq və fədakarlıq dəyərlərinin canlı nümunəsi idi.

Amma təəssüf ki, gördüklərimiz hər zaman eyni ruhu əks etdirmirdi. Nizami küçəsində əylənən bəzi ərəb turistlər yüksək səslə musiqi dinləyir, əllərinə verilən suları hörmətsizcəsinə zibil qutularına atır, hətta bəziləri küçədə insanlara xoşagəlməz davranışlar sərgiləyirdi.

Bu mənzərəni görən qardaşım mənə ağır bir sual verdi:
“İmam Hüseyn ərəb deyilmi? Biz onun xatirəsinə məscidə gedirik, amma bəziləri sanki heç Kərbəla adlı bir hadisə olmayıbmış kimi davranırlar...”

Bu sözlər illərdir qulağımdan getmir. Mən isə düşünürəm ki, hər bir millətin içində hörmətli də var, hörmətsiz də. Təəssüf ki, ölkəmizə gələn bəzi turistlər davranışları ilə xalqımızın dəyərlərinə zidd hərəkətlər edirlər. Bu isə insanların haqlı narazılığına səbəb olur.

Mənim üçün əsas nəticə budur: şəhidlərimizə, dəyərlərimizə və milli-mənəvi irsimizə hörmət hər kəsin borcudur. Kimliyindən, milliyyətindən asılı olmayaraq, Azərbaycana gələn hər bir insan ölkəmizin qanunlarına, adət-ənənələrinə və şəhidlərimizin xatirəsinə hörmətlə yanaşmalıdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnanıram ki, Azərbaycan dövləti və hüquq-mühafizə orqanları xalqımızın dəyərlərinə qarşı hər hansı hörmətsizliyin qarşısını alacaq.

Turan Rzayev

Chosen
83
50
news365.az

10Sources