EN

"Dünyada vahid humanitar strategiya vacibdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əslində, humanitar yardımlar bir mərhəmət nümunəsidir. Düşünürəm ki, bu təkcə insanlara yox, elə bütün canlılara olmalıdır. Bütün canlıları qorumaq, ekosistemi qorumaq – elə bu özü mərhəmət əlamətidir. Amma bununla yanaşı, kütləvi şəkildə azlığa, fəlakətə, müharibələrə, digər təbii və insan tərəfindən törədilmiş fəlakətlərə düçar olmuş əhali təbəqəsinə konkret olaraq yardımlar göstərilir". Bu sözləri SİA-ya açıqlamasında tibb üzrə elmləri doktoru Adil Qeybulla deyib.

O bildirib ki, yardımlar havadan, qurudan, sudan müxtəlif nəqliyyat vasitəsilə – ərzaq məhsullarının daşınması və tibbi yardımın göstərilməsi ilə həyata keçirilir: "Humanitar yardımı əsasən Dünya Səhiyyə Təşkilatı və müvafiq beynəlxalq qurumlar həyata keçirir. Bu isə həm də riskli bir işdir. Bu işdə, hətta, Dünya Səhiyyə Təşkilatının işçiləri arasında belə tələfat olur.

Humanitar yardım göstərərkən, ölümlər, travmalar, və bu yardımı göstərənlər arasında da itkilər baş verir. Amma bu iş mərhəmət işidir və daim davam etməlidir. Hətta Helsinki Deklarasiyası kimi sənədlər var – insan haqları və əsirlərlə davranış qaydalarını tənzimləyən. Əsirlərə işgəncə vermək, zorakılıq etmək – bunlar beynəlxalq hüquqa ziddir, cinayət tərkibli əməllərdir.

Təəssüf ki, bu qaydalara həmişə əməl edilmir və nəticədə yüzlərlə insan əziyyət çəkir – uşaqlar, hamilə qadınlar, yaşlılar, yəni ən çox humanitar yardıma ehtiyacı olanlar.

Məsələn, bu gün Qəzza zolağında baş verənlərdə əhali arasında aclıq, tibbi yardımın çatışmazlığı kimi halları görürük. Yardımlar bəzən havadan endirilir, çünki başqa yol qalmır. Bu sahədə vahid bir beynəlxalq strategiya olmalıdır. Dünyada beynəlxalq qanunların bütün ölkələr üçün eyni şəkildə işləməsini təmin edən güclü bir qurum vacibdir.

BMT humanitar təşkilatdır, ancaq hərbi strukturları yoxdur, öz qərarlarını zorla yerinə yetirə bilmir. Bu da nəzərə alınmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Chosen
42
50
sia.az

10Sources