EN

Putin Paşinyanı devirəcək, hələlik isə...

Yazını böyüt
Yazını kiçilt

"Heç şübhə yoxdur ki, Vladimir Putinin Alyaskada Donald Trumpla görüşmək niyyəti nə Ukraynada müharibəni dayandırmaq, nə də dediyi kimi, sülh yaratmaq məqsədi daşıyırdı. Vladimir Putin Alyaskadakı görüşü Donald Trumpı yumşaltmaq və ABŞ–Rusiya münasibətlərində müəyyən qədər güzəştlərə nail olmaq üçün fürsət bilirdi. Görüş və danışıqlar formal xarakterli idi".

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.

Onun fikrincə, əgər rəsmi Kreml Ukraynada başladığı müharibəni bitirmək istəyirsə, həm döyüş aktivliyini azaldar və həm də də diplomatik kanallarla hərəkətə keçərdi.

V.Dadaşov qeyd edib ki, Putin Ukraynada işğalını daha genişləndirə bilsə də, əhəmiyyətli hərbi uğurlar qazansa da, yenə də müharibəni dayandlrmayacaq:

"Putin timsalında Rusiya-Ukrayna müharibəsini bütünlüklə SSR-nin və imperiya gücünün bərpası üçün həlledici mərhələ və proses hesab edir. Putin nəinki Alyaska görüşündə, digər platformalarda belə, üçtərəfli formatda Ukrayna Prezidenti Zelenskinun iştirakına imkan vermir, onun legitimluyini qəbul etmir. Təbii ki, Putin formal və nəticəsiz danışıqlara getməklə, danışıqlar aparan tərəf kimi təqdim etmək istəyir".

Donald Trampın Ukraynaya, Zelenskiyə təsir imkanlarına gəlincə, ekspertin fikrincə, Trampın artıq imkanları məhduddur:

"Birincisi, Tramp ABŞ üçün Ukraynadan təbii ehtiyatlarla bağlı müqaviləni artıq əldə edib. İkincisi, Ukraynaya verilən silahların ödənişini isə Avropa İttifaqının üzərinə yükləyib. Üçüncüsü, Alyaskada görüş ərəfəsində Avropa İttifaqının bütövlükdə Ukraynaya dəstək nümayiş etdirməsi və müttəfiqlərin açıq mövqe ortaya qoyması Trampın təkbaşına Rusiya ilə hər hansı bir danışıqlara getməsinə, sövdələşməsinə imkanı məhdudlaşdırmışdı. Qeyd edim ki, Alyaska görüşü, Rusiya–Ukrayna müharibəsi üzərində qurulsa da, Putin onu formatdan çıxararaq Rusiya–ABŞ münasibətlərinin tənzimlənməsi üçün meydana çevirdi. Şübhə etmirəm ki, görüşdə əsas müzakirə mövzularından bir müddət əvvəl ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş Zəngəzur dəhlizi ilə bağlı razılaşma və eyni zamanda sülh müqaviləsinin paraflanması idi. ABŞ rəsmi İrəvanın razılığı ilə Ermənistana, Cənubi Qafqaza daxil olur. İstisna deyil ki, Putin Trampa Zəngəzur dəhlizi müqabilində Ukraynaya müdaxilədən çəkinməyi təklif etmiş olsun. Bu məna da, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşmasına Rusiyanın ehtiyatlı və neytral mövqedən çıxış etməsi də buna işarədir. Rusiya-Ermənistan münasibətləri isə göründüyündən də gərgindir. Zəngəzur dəhlizi ilə bağlı Putinlə Tramp arasında Alyaskada müəyyən razılaşma əldə olunsa belə, Rusiya Paşinyanı devirmək planından geri çəkilməyəcək. Məsələ ondadır ki, Rusiyanın Ermənistana hakimiyətə gətirə biləcəyi real fiquru yoxdur. Həm də, İrəvanda Paşinyan hakimiyyətinə sadiq güc strukturları və ABŞ hərbiçiləri var. Silahlı çevriliş variant isə, Rusiyanın Ermənistandan tamamilə çıxması riskini artırır".

Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, V.Dadaşov bildirdi ki, Rusiyanın Azərbaycana əhəmiyyətli təsir imkanları qalmayıb. Onun fikrincə, Azərbaycanda Rusiya yönümlü qüvvələr – “beşinci kolon” tamamilə neytrallaşdırılıb, xüsusi xidmət orqanlarının fəaliyyəti nəzarətə götürülüb:

"Azərbaycanın Türkiyə vasitəsilə Qərbə inteqrasiyası daha da güclənib. Azərbaycan milli və strateji maraqlarının təmininə əlavə güclü oyunçuları də cəlb edə bilib. Artıq Azərbaycan-Rusiya münasibətləri dostluq kontekstindən çıxaraq praktik əməkdaşlıq formatına keçir. Bu halda da Rusiya Qafqazın söz sahibi kimi qəbul edilmiş Azərbaycanı sonadək itirmək niyyətində deyil. Çünki bu həm də Türkiyəni itirmək deməkdir. Azərbaycan Rusiyanın mane ola biləcək məsələlərin həllinə nail olub və artıq Rusiya ilə münasibətlərin normallaşması nəzərdən keçirilə bilər. Yaxın zamanlarda Rusiya-Azərbaycan münasibətlərində müəyyən istiləşmə mümkündür. Ancaq qeyd etdiyim kimi, münasibətlər dostluq yox, praktik əməkdaşlıq formatında olacaq".

Chosen
34
50
hafta.az

10Sources