EN

"Real"ın yetirməsi: "Qəbələ"yə variantı ortaya çıxanda, bura gəlmək üçün mübarizə apardım" - MÜSAHİBƏ

"Qəbələ"nin yeni transferi Xayme Syerranın Sportal.az saytına müsahibəsi

- "Qəbələ"nin heyətində rəsmi matçda debüt etdin. Premyer Liqanın ilk turunda “Karvan-Yevlax”la görüşdə meydanda idin. Debütünü necə dəyərləndirirsən? Hər şey istədiyin kimi alındı?

- Komanda ilə cəmi dörd dəfə məşq etməyimə baxmayaraq, debütümdən çox məmnunam. Baş məşqçinin nə istədiyini başa düşdüm. Onu da yerinə yetirməyə çalışırdım. Təbii ki, həftələr keçdikcə, hər şey daha da yaxşılaşacaq.

- "Karvan-Yevlax”la qarşılaşmada qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsən?

- Biz bu görüşdə hətta əhəmiyyətli top fərqi ilə qalib gələ bilərdik. Çünki qol epizodlarımız çox idi. Amma futbol belədir. Hər halda, aktivimizə bir xal yazdırdıq. İşləməyə davam edəcəyik.

- Premyer Liqada ilk matçın idi. Ümumilikdə, Azərbaycan çempionatının ab-havası necə idi?

- Matçda yaxşı ab-hava var idi. Biz ümid edirik ki, növbəti oyunlarda qələbə qazanacağıq ki, azarkeşlərimiz bizi dəstəkləməyə davam etsinlər.

- "Qəbələ" növbəti turda "Zirə" ilə qarşılaşacaq. Onlar haqda məlumatlısan?

- Bəli, “Zirə” haqda məlumatım var. Onların “Hayduk”a qarşı oyununu izləmişdim. “Zirə”nin oyun üslubunu bir az bilirəm. Bu komandanın yaxşı futbolçuları var. Amma biz də, yaxşı futbolçulara sahibik. Hər halda, biz evdə oynayırıq və meydana qalibiyyət üçün çıxacağıq.

- Maraqlıdır, ümumiyyətlə “Qəbələ”yə keçidin necə baş tutdu? "Varajdin"də niyə qalmadın? Səncə, Xorvatiya yüksək liqası Azərbaycan Premyer Liqasından üstün deyil?

- "Varajdin"ə keçdiyim gündən uyğunlaşmaq mənim üçün çətin oldu. Özümü orada xoşbəxt hiss etmirdim. Öz oyunumdan da məmnun kimi görünmürdüm. “Qəbələ”yə keçmək variantı ortaya çıxanda, bura gəlmək üçün mübarizə apardım. Bunu etmək asan deyildi, amma sonda istədiyim alındı və buradayam. Səviyyəyə gəlincə, mən burada daha çox oyun görməliyəm. Hər halda, cəmi bir həftədir buradayam, ona görə də nəsə demək hələ tezdir.

- “Real”ın(Madrid) yetirməsisən. Maraqlıdır, əsas komandaya qədər yüksəlmək şansın olmayıb?

- Xeyr. Amma mən 10 il “Real”ın akademiyasında oynamışam. Orada çox şey öyrənmişəm.

- "Qəbələ”də əsas hədəfin nədən ibarətdir?

- Mənim əsas məqsədim “Qəbələ”nin uğurları üçün hər şeyimi vermək olacaq. Daim peşəkar qalacam və komandamın turnir cədvəlində mümkün qədər yüksəkdə olmasına çalışacam. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

İdman.biz

Məqalədə:
Chosen
23
50
idman.biz

10Sources