EN

Putin Azərbaycanın düşmənlərini nə vaxt cəzalandıracaq?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya yenə də Azərbaycanı hədəf alıb.

Belə ki, avqustun 18-nə keçən gecə Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları ilə hücum edilib.

Bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Xatırladaq ki, bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. Üstəlik, bundan əvvəl Kiyevdəki səfirliyimizin yaxınlığına raket zərbələri endirilmişdi.

Həmçinin, Rusiya Azərbaycanın qaz ötürmə marşrutunu da vurmuşdu. 

Maraqlıdır, Rusiya nə üçün davamlı şəkildə Azərbaycanın obyektlərini hədəf alır? 

 

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini, politoloq Niyaməddin Orduxanlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin davam etdirilməsi ən çox Kremlə lazımdır: 

“Rəsmi Moskva onun üçün ölkəmizin necə əhəmiyyətli olduğunu yaxşı düşünməlidir. Rusiya unutmamalıdır ki, bir neçə il bundan öncə bütün Qərb dünyası ona ən ağır sanksiyalar tətbiq edəndə, Azərbaycan və qardaş Türkiyə buna qoşulmadı. Yəni rəsmi Bakı Rusiyaya qarşı belə jest edib. Bizim Rusiyaya münasibətimiz səmimi olub və bütün sahələr üzrə qonşuluq siyasəti yürütmüşük. Rusiya Prezidenti Vladimir Putin bunu dəyərləndirməlidir. Kreml onu da nəzərə almalıdır ki, Azərbaycanla münasibətləri pozmaq, paralel olaraq Türkiyə ilə də münasibətlərin pozulması deməkdir. Bu isə Putinə qətiyyən sərf etməz”. 

 

Ekspert qeyd edib ki, Rusiya tərəfindən bu qədər hədəflərimizin ardıcıl olaraq vurulması təsadüf deyil: “Azərbaycana məxsus obyetlərin vurulması təsadüf adlandırıla bilməz. Rusiya Azərbaycanla münasibətdə diqqətli olmalıdır. Hesab edirəm ki, Vladimir Putin özündə cəsarət tapmalı və hədəflərimizi vuranları cəzalandırmalıdır. Həmin qüvvələrin arxasında erməni diasporunun da olması mümkündür. Nəzərə almaq lazımdır ki, Rusiyada yüksək vəzifələrdə təmsil olunan erməniəsilli şəxslər də hər zaman ölkəmizə qarşı təxribatçı addımlar atırlar. Yenə də deyirəm, Putin Azərbaycan əleyhinə addımlar atan şəxsləri cəzalandırmalı və gərginliyi azaltmalıdır”. 

Elmir Mustafa

“Cebhe.info.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
50
cebheinfo.az

10Sources