EN

Politoloq: Vaşinqton görüşü Ukraynanın gələcək siyasi və diplomatik taleyinə birbaşa təsir edəcək

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Hazırkı mərhələ Ukrayna üçün həm şans, həm də təhlükələrlə doludur

Sülhdən sonra Zelenskinin hakimiyyətdən getməsi ehtimalı realdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib.

Bu barədə o, özünün X platformasında bildirib.

Zelenski artıq Vaşinqtonda olduğunu və ABŞ prezindenti Donald Trampla görüşə hazır olduğunu yazıb.

O, prezident Tramp və Avropa liderləri ilə baş tutacaq görüşün davamlı sülhə nail olmağa dəstək olacağına ümidini bildirib: “Ümid edirəm ki, Amerika ilə birgə gücümüz, Avropadakı dostlarımızla birgə Rusiyanı həqiqi sülhə məcbur edəcək!”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək. Bakı vaxtı ilə saat 23:00-da ABŞ Prezidenti və Avropa liderlərinin çoxtərəfli görüşünün başlanması planlaşdırılır.

Bu, Ağ Evin açıqladığı Trampın cədvəlində öz əksini tapıb.

Tramp və Zelenskinin görüşü Rusiya-Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə həmçinin Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloni də qatılacaq. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də görüşdə iştirak etmək niyyətində olduğunu bildirib.

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonda Tramp və Avropa liderləri ilə görüşə hazır olması sülh gündəliyinin yeni mərhələyə qədəm qoyduğunu göstərir:

"Bu görüş Ukrayna üçün həm siyasi, həm də diplomatik əhəmiyyət daşıyır. Əsas sual budur: ABŞ və Avropa Ukraynanın maraqlarını tam qoruyacaqmı? Qərbin maraqları bəzən Kiyevin maraqları ilə üst-üstə düşsə də, tam uyğunlaşması şübhəlidir. Sülh imzalanması mümkündür, amma bu, Rusiyanın hansı güzəştlərə hazır olmasından asılıdır. Zelenski hazırda Qərbin dəstəyi ilə mövqeyini qoruyur və bu dəstək zəifləsə, siyasi taleyi risk altına düşə bilər. Trampın xarici siyasətdə praqmatizmi Ukraynanın ərazi bütövlüyü məsələsində sərt şərtlərə yol aça bilər. Avropa liderləri ictimai rəylərin təzyiqi altında Ukraynanı tək buraxa bilməzlər, lakin daxili yorğunluq onların mövqeyini zəiflədə bilər".

Analitikin fikrincə, sülhdən sonra Zelenskinin hakimiyyətdən getməsi ehtimalı realdır:

"Cəmiyyət onu müharibə dövrünün lideri kimi görür, sülh dövründə isə yeni fiqurlara ehtiyac yarana bilər. Qərb isə Zelenskidən sonra Ukraynada daha idarəolunan lider görmək istəyə bilər. Zelenski isə sülh müqaviləsini imzalayan prezident kimi tarixdə qalmaq şansını qaçırmaq istəməyəcək. Hazırkı mərhələ Ukrayna üçün həm şans, həm də təhlükələrlə doludur.

Uğurlu diplomatik addımlar onu qalib, səhvlər isə siyasi karyerasının sonuna gətirə bilər. Beləliklə, Vaşinqton görüşü Ukraynanın gələcək siyasi və diplomatik taleyinə birbaşa təsir edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
50
sherg.az

10Sources