EN

Serbiyada etirazların şiddətlənməsi Vuçiçin Avropa İttifaqına üzvlük ambisiyalarını sual altına qoyur

Ölkədə doqquz aydır davam edən tələbə etirazlarına qarşı zorakılıq tətbiqi Balkanlarda siyasi gərginliyi daha da artırıb...

Poliqon Le Monde nəşrinə istinadən xəbər verir ki, Serbiyada doqquz aydır fasiləsiz davam edən antikorrupsiya tələbə etirazları hökumət tərəfindən dayandırıla bilmir və vəziyyət getdikcə kəskinləşir.

Qeyd edək ki, hərəkat 2024-cü ilin noyabrında Novi Sad şəhərində yenicə təmir olunmuş dəmir yolu vağzalının damının çökməsi nəticəsində 16 nəfərin ölümü ilə başlayan böhrandan qaynaqlanıb. Hadisə Serbiya cəmiyyətində uzun illərdir kök salmış korrupsiyanın simvolu kimi qiymətləndirilir.

Le Monde yazır ki, prezident Aleksandar Vuçiç 2014-cü ildən bəri – əvvəlcə baş nazir, daha sonra isə dövlət başçısı olaraq – ölkəni idarə edir. Lakin o, tələbələrin əsas tələbləri olan müstəqil məhkəmə sistemi və real hüquqi dövlət qurulması məsələlərinə ciddi yanaşmayıb. Vuçiç, həmçinin tələbələrin irəli sürdüyü növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını da rədd edib. Uzun müddət dinc və sivil şəkildə davam edən etirazlara etinasız yanaşan hakimiyyət, avqustun 12-də yeni və narahatedici bir addım ataraq küçələrə kriminal dairələrlə əlaqəli olduğu iddia edilən zorakı dəstələri və futbol azarkeşi qruplarını çıxarıb. Onlar etirazçıları təxribatçı hərəkətlərlə qorxutmağa çalışıblar.

Ötən həftə Belqrad da daxil olmaqla bir neçə şəhərdə hökumət tərəfdarları ilə etirazçılar arasında qarşıdurmalar daha da güclənib. Maskalı şəxslərin hökumət partiyasının ofislərinə hücumları, polis tərəfindən həyata keçirilən qəddar həbslər sosial şəbəkələrdə geniş rezonans doğurub. Hakimiyyət isə etirazçıları “Serbiyanı məhv etmək” və “ölkəni vətəndaş müharibəsinə sürükləmək”də ittiham edir.

Müşahidəçilər bu strategiyanın 2013–2014-cü illərdə Ukraynada Maidan inqilabı zamanı hakimiyyətin “titushki” adlanan zorakı qruplardan istifadə etməsini xatırlatdığını bildirirlər. Analitiklərin fikrincə, vəziyyətin bu səviyyədə gərginləşməsi Vuçiçin Avropa İttifaqına üzvlük ambisiyalarını daha da çətinləşdirir. Çünki Brüssel üçün əsas şərtlərdən biri hüquqi dövlət prinsiplərinə və dinc etiraz hüququna hörmətdir.

Poliqon.info

Chosen
40
12
poliqon.info

10Sources