EN

Ukrayna neytral olsaydı, müharibə olmazdı! Bu bir rus nağılıdır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna neytral ölkə olub NATO-ya daxil olmaq planlarından əl çəksəydi, bir qarış da ərazi itirməzdi.

Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya mətbuatına beynəlxalq münasibətlər üzrə taylandlı ekspert, Sonqxla Universitetinin Şahzadəsi Sülh Araşdırmaları İnstitutunun müəllimi Rüstəm Vansu Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünün nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna öz geopolitik statusunu "bufer dövlət" kimi qəbul etməli və Rusiya ilə Avropa arasında körpü rolunu oynamalı idi. Vansu eyni zamanda qeyd edib ki, Ukrayna və Qərb Rusiyanın şərtlərinə açıq şəkildə boyun əyməsələr, münaqişənin əsas səbəbi aradan qalxmayacaq və atəşkəs yalnız müvəqqəti nəticə verəcək.

Bu mövqe, Rusiyanın tez-tez səsləndirdiyi arqumentləri təkrarlayır: "Təhlükə bizdən yox, NATO-dan gəlir". Amma bu, həm də beynəlxalq münasibətlər sistemində dövlətlərin suveren qərar vermək haqqını görməməzlikdən gəlmək deməkdir.

2014-cü ildə Krımın ilhaqı və Donbasda separatçı hərəkətlərin Kreml tərəfindən dəstəklənməsi göstərdi ki, Rusiya Ukraynanın geopolitik kursunu öz maraqlarına uyğun tənzimləmək istəyir. Ukraynanın NATO-ya meyillənməsi, əslində bu təhlükəni gördüyü üçün ortaya çıxmışdı, onu yaradan səbəb deyildi.

Əgər məsələ Ukraynanın neytrallığı olsaydı, Rusiya 1994-cü il Budapeşt Memorandumu ilə Ukraynanın təhlükəsizliyinə zəmanət verdiyi halda Krımı niyə işğal etməzdi. O zaman Ukrayna nə NATO üzvü idi, nə də hərbi cəhətdən Qərblə yaxınlaşmışdı.

Vansu və onun kimi düşünənlərin arqumenti belədir: "Əgər zəif və neytral olsaydın, toxunulmazdın". Bu, beynəlxalq hüquqa deyil, zor gücünə əsaslanan anlayışdır. Bu yanaşma, Putinin dəfələrlə dilə gətirdiyi – keçmiş SSRİ-ni yenidən bərpa etmək, "Rusiyanın tarixi torpaqlarını" geri qaytarmaq kimi məqsədləri legitimləşdirmək cəhdidir. Belə yanaşma Qazaxıstandan Gürcüstana, Moldovadan Latviyaya qədər hər ölkə üçün təhlükə siqnalıdır.

Reallıq budur ki, Ukrayna müstəqil dövlətdir və hansı ittifaqa qoşulacağına özü qərar verir. NATO-nun genişlənməsi, sadəcə ideoloji birləşmə deyil, təhlükəsizlik zərurətidir. Rusiya ilə "normal münasibətlərin bərpası" yalnız o halda mümkündür ki, Kreml qonşu dövlətlərin suveren hüquqlarına hörmət göstərsin.

Hazırkı vəziyyətdə Ukraynanın neytrallığı heç bir təhlükəsizlik zəmanəti vermir. Əksinə, neytral statusda olan Finlandiya və İsveç də Rusiyanın təhdidini hiss edib NATO-ya üz tutdular. Bu, təkcə Ukraynanın yox, bütövlükdə Avropanın cavabıdır.

Onu da qeyd etmək lazımdır ki, münaqişənin əsas səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəyi deyil, Rusiyanın imperiya ambisiyasıdır. Neytrallıq – əgər təhlükəsizlik təmin olunmursa – sadəcə zəifliyin başqa adıdır. Təslim olmaq sülh gətirmir. Əgər beynəlxalq ictimaiyyət bu gün Ukraynanın haqqını qorumasa, sabah növbə başqasına gələcək.

Qadir Həzi, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
50
bizimyol.info

10Sources