EN

“Turistlər Azərbaycanın dəyərlərinə hörmətlə yanaşmalıdır” – Turizm eksperti

Bakıda ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik video çəkməsi cəmiyyətdə haqlı narazılıqla qarşılanıb. Müqəddəs məkanlarda bu cür halların təkrarlanması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.


Məsələ ilə bağlı Manset.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, belə hadisələr hər ölkədə zaman-zaman müşahidə oluna bilər, lakin buna münasibət və yanaşma əsas məsələdir.

Ekspert qeyd edib ki, Azərbaycana gələn turistlərin ümumilikdə adət-ənənələrə hörmətsizlik etməsi kimi fikir söyləmək doğru deyil:

"Mən deməzdim ki, Azərbaycana gələn turistlər adət-ənənələrimizə riayət etmirlər. Ümumiyyətlə, hər zaman elə hallar olub ki, bəzən yerli adət-ənənələri anlamayan və ya öz aralarında zarafatlaşaraq nəyisə məsxərəyə qoyan insanlar müşahidə olunur. Belə şəxslər bəzən getdikləri ölkədə nəyin mənəvi dəyər daşıdığını və nəyə daha çox diqqət yetirmək lazım olduğunu kifayət qədər dərk etmirlər." – deyə C.Aşurov qeyd edib.

Onun sözlərinə görə, belə vəziyyətlərdə cəmiyyət emosiyaya qapılmadan, mədəni şəkildə həmin şəxslərə izah etməlidir ki, bu tip davranışlar yolverilməzdir. Eyni zamanda, hər bir turist Azərbaycanın adət-ənənələrinə, şəhidlərinin xatirəsinə və vətəndaşlarına hörmətlə yanaşmalıdır:

"Əks halda, müvafiq tədbirlər görülür və belə hallar diqqətdən kənarda qalmır. Qeyd olunan məsələ ilə bağlı da artıq əməliyyat keçirilib və zəruri tədbirlər həyata keçirilib. Unutmayaq ki, dünyanın istənilən ölkəsində turistlərin ziyarət etdiyi yerlərdə bu kimi hallarla rastlaşmaq mümkündür. Lakin əsas məsələ bu hallara düzgün yanaşmaq, qonaqlara olduqları ölkənin dəyərlərinə hörmətlə yanaşmağın vacibliyini izah etməkdir." – deyə turizm eksperti əlavə edib.


Seyranə Quliyeva

Chosen
21
47
manset.az

10Sources