EN

Kənd Təsərrüfatı sektoruna ayrılan büdcə vəsaiti 25,8% artıb

BAKI, 18 avqust. TELEQRAF

Ötən ilin dövlət büdcəsində “Kənd Təsərrüfatı” sektoru üzrə 6 icraçı təşkilat tərəfindən 7 proqram çərçivəsində 27 tədbirin həyata keçirilməsi üçün 1 milyard 202,6 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə Monitorinqin nəticələrində qeyd edilib.

Bildirilib ki,bu, ötən illə müqayisədə 247 milyon manat və ya 25,8% çoxdur.

İcraçı təşkilatların sifarişləri əsasında həmin məbləğin 1 milyard 95,8 milyon manatı (proqnozun 91,1%-i) ayrılıb ki, bu da proqnozlaşdırılandan 106,8 milyon manat azdır. Ayrılmış vəsait tam həcmdə istifadə olunub.

Bununla yanaşı, proqnozlaşdırılan ümumi vəsaitin 11,3%-ni təşkil edən 137,9 milyon manat bölüşdürülməmiş vəsait kimi ayrılıb və o da tam şəkildə xərclənib.

Sektor üzrə ayrılmış ümumi vəsaitin 45,1%-i Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlar — Aqrar Kredit və İnkişaf Agentliyi ilə Aqrar Xidmətlər Agentliyi tərəfindən icra olunan tədbirlərə yönəldilib. Vəsaitin 40%-i isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs tərəfindən həyata keçirilən layihələrin payına düşüb.

Chosen
52
33
teleqraf.com

10Sources