EN

Putindən ABŞ-a yaşıl İŞIQ – Alyaska görüşündəki gizli razılaşma ÜZƏ ÇIXDI

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Avqust ayı dünyanın şimal yarım qütbündə yerləşən ölkələrində əsas istirahət ayına çevrilib. İşçilərin ən çox məzuniyyətə getdiyi ay məhz avqusta təsadüf edir. Bu baxımdan avqustda qlobal bazarlarda da adətən sakitlik hökm sürür. Amma hər zaman belə olmur.
 

MÖVZU İLƏ BAĞLI:

Alyaska görüşündən yaddaqalan maraqlı məqamlar – VİDEO


Qlobal bazarlar

Yola saldığımız həftə də qlobal enerji bazarları daha çox siyasi gedişlərin təsirinə məruz qaldı.  Hadisələrin mərkəzində olan siyasi hadisə isə Alyaska ştatında ABŞ və Rusiya dövlət başçılarının avqustun 15-də baş tutan görüşü idi. Hadisənin əhəmiyyəti isə ondan qaynaqlanırdı ki, Rusiya-Ukrayna müharibəsinin 42-ci ayında Kreml rəhbəri ilk dəfə olaraq Kollektiv Qərbin lider dövlətinin rəhbəri ilə birbaşa görüşə qatılırdı.

Məsələnin qlobal enerji bazarlarına təsiri isə ondan qaynaqlanırdı ki, Donald Tramp Ukraynada üzücü müharibənin dayandırılması üçün əvvəlcə Kreml rəhbərinə düşünməyə 50 gün vaxt verdiyini açıqlamış, sonradan bunu 10 günədək azaltmış və indiki görüşün nəticəsiz bitəcəyi təqdirdə isə Rusiyanı müharibəni davam etdirmək imkanından hiss ediləcək tərzdə məhrum etməyi bəyan etmişdi.

Buna görə də bazar iştirakçıları çox narahatlıqla bu görüşün necə bitəcəyini və ABŞ-nin Rusiyadan neft idxal edən ölkələrə həqiqətənmi 100%-lik əlavə bir rüsum tətbiq etməsini götür qoy edirdilər.

Nəticə isə çox qəribə oldu: Tramp görüşdən ümumən razı qaldığını ifadə etdi, Putin öz fikrinə sadiq olduğunu dedi və nə atəşkəş elan edildi, nə də tezliklə sülh razılaşmasının reallaşması mümkün oldu. Belə bir vəziyyət isə neft bazarında da, qaz bazarında da özünü göstərdi.
 

Məsələnin bu cür yekunlaşmasına isə həm də o hadisə təsirsiz ötüşmədi ki, məhz avqustun 15-də  Vladimir Putin Amerikanın “ExxonMobil” korporasiyasına “Saxalin-1” neft-qaz layihəsində öz payını geri qaytarmağa icazə verən fərmanı imzalaması aydın oldu.


Xatırladım ki, ABŞ-nin neft-qaz nəhəngi 2022-ci ildə Rusiyanı tərk etdiyini açıqlamış və Rusiya sularında reallaşdırılan ən iri hasilat layihəsinin gələcək stabil fəaliyyəti üçün real problemləri gündəmə gətirmişdi. Və birdən-birə rəsmi Moskvanın belə bir gedişi dünyanın super güc dövləti ilə vəziyyətin müharibədən əvvəlki səviyyədə olmasa da, amma mülayimləşməyə doğru imkanların ortaya çıxmasına bir işarə idi.      

Yola saldığımız həftədə ümumən həm “Brent” markalı neftin, həm də “Azeri Light FOB Ceyhan” markalı neftin orta qiymətlərində azalmanın baş verdiyi qeydə alınıb. Türkiyənin Ceyhan limanında təhvil verilməklə satdığımız xam neftin orta qiyməti hər barel üçün 66,23 dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,19 dolları və ya 1,8% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 67,08 dollar, minimum qiyməti isə 65,18 dollar təşkil edib.

Həftə ərzində London Əmtəə Birjasındakı hərraclarda isə “Brent” markalı neftin orta satış qiyməti 67,75 dollar olub ki, bu da əvvəlki həftəyə nisbətən qiymətin 1,33 dollar aşağı düşməsi deməkdir.

Bu qiymətlərə diqqət yetirərkən görürük ki, Azərbaycan neftinin satış qiymətləri “Brent” markalı neftlə müqayisədə daha ucuz olub, halbuki əvvəllər bizim neft daha baha satılırdı. Onu deyim ki, bu, heç də  Qərb mətbuatında artıq bir neçə dəfə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilən neftdə alıcıların normadan çox “üzvi-xloridlər”in olması fikrindən qaynaqlanır. Çünki son məlumatlara görə, bu problem artıq aradan qalxıb, sadəcə ötən həftə Aralıq dənizi hövzəsində yüngül neftin (Azərbaycan nefti də məhz bu kateqoriyaya xammala aiddir) bolluğu nəticəsində ona tələbat aşağı olduğundan bu hal özünü qiymətdə əks etdirib. 

Proqnozlar

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Qeyd edim ki, Azərbaycanda xam neft hasilatı üzrə ABŞ-nin son proqnozu əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməz qalıb.
 

2026-cı ildə hasilatın birinci rübdə sutkada 550 min barrelə başlaması, ikinci rübdə 540 min barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 530 min barrelə enəcəyi gözlənilir.


2025-ci il üçün də EIA Azərbaycanda orta gündəlik hasilatı 570 min barel göstəricisində nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici gündə 570 min barel, ilin ikinci yarısında isə cüzi azalma ilə 560 miln barel səviyyəsində proqnozlaşdırılır.

Bəs Azərbaycanda hazırda real hasilat göstəriciləri necədir?

Bu sualın cavabını isə yola saldığımız həftə Dövlət Statistika Komitəsin açıqladığı məlumatlardan görmək mümkündür.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 16 milyon 33,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 15 milyon 996,9 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 7 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 5,4 % azdır. Yəni bu göstəricilər onu göstərir ki, artıq ölkəmizdə hasilatın enmə tempi zəifləyib. Bu da ən böyük neft yataqları blokunda - “Azəri-Çıraq-Günəşli”də hasilatın stabilləşməsi yönümündə atılan addımlarla bağlıdır.

Qeyd edək ki, cari ilin 7 ayında Azərbaycanda 22 milyard 551 milyon kubmetr əmtəəlik qaz hasil edilib. Hesabat dövründə əmtəəlik qaz hasilatı cüzi olaraq, 0,2 % artıb. Bu da mövsümü hallarla əlaqədardır, çünki mavi yanacağa tələbat yüksək olmayıb (ötən illərin eyni dövründə istehsalın daha çox templə artımını da nəzərə almaq gərəkdir).  

Magistral neft kəmərləri ilə daşıma.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 21 mln 553,9 min ton neft nəql edilib. Nəqletmənin 75 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu kəmər vasitəsilə 16 mln 156,1 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6 faizini və ya 13 mln 510,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizini və ya 2 mln 645,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
 

Qeyd edim ki, ötən il Azərbaycanın əsas ixrac neft kəməri ilə Xəzərin o tayından 5 mln tondan çox neft nəql edilmişdi.


Bu həftə Qazaxıstan Energetika nazirliyinin açıqlamasımna əsasən, ölkədəki neft hasilatçıları Azərbaycan vasitəsi ilə qara qızılın daşınmasında maraqlıdırlar və bunu neftin dünya bazarlarına çatdırılması yollarından biri kimi qəbul edirlər. Bəs hansı amillərə görə xəzər üzərindən və Azərbaycanın əsas ixrac boru kəmərindən istifadə Qazaxıstanın maye yükgöndərənlərini cəlb edir?

“Hazırda kommersiya şəraitinin hərtərəfli qiymətləndirilməsi əsasında BTC marşrutu Qazaxıstan yükgöndərənləri üçün daha uyğundur. Əsas amil onun Aralıq dənizinə birbaşa çıxışının olmasıdır ki, bu da Türkiyə boğazlarından keçid və yüklərin yenidən boşaldılıb yığılması ilə bağlı logistik xərcləri azaltmağa imkan verir”, - deyə nazirlik vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayGaz” (KMG) və SOCAR arasında Qazaxıstan neftinin tranziti üzrə baş saziş imzalanıb. 2023-cü ilin mart ayında “Kaşağan” yatağından sınaq göndərmə kimi Azərbaycan ərazisindən 7 min ton neftin nəqli həyata keçirilib.

2024-cü ilin martında KMG və SOCAR arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənədə əsasən, tədarük həcminin ildə 2,2 milyon tona çatdırılması planlaşdırılır. 2023-cü ildə təxminən 1,1 milyon ton, 2024-cü ildə isə 1,4 milyon ton Qazaxıstan nefti Aktau limanından BTC ilə sonrakı ixrac üçün Azərbaycan istiqamətində daşınıb. 2025-ci ildə BTC vasitəsilə neft ixracı 1,7 milyon ton səviyyəsində planlaşdırılır.

Azərbaycanın ən iri günəş stansiyası

Avqustun 12-də Biləsuvar rayonunda 445 MVt gücündə ölkənin ən böyük Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlanılıb. Bu stansiya 2027-ci ilə qədər istifadəyə veriləcək. Günəş panelləri Çinin bu sahədə ixtisaslaşmış enerji şirkəti tərəfindən təmin ediləcək.
 

Bu günəş elektrik stansiyası yaxın bir neçə ildə istifadəsi verilməsi planlaşdırılan, ümumi gücü 1000 MVt təşkil edən üç bərpa olunan enerji mənbələrindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycanın Energetika nazirliyi ilə bağladığı kommersiya sazişləri əsasında həyata keçirilir.


Azərbaycanda bu ən böyük günəş elektrik stansiyasına əlavə olaraq “Masdar” şirkəti “SOCAR Green” şirkəti ilə əməkdaşlıq əsasında yaxın 2 ildə Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyalarını da istismara verməyi planlaşdırır. Bu bərpa olunan enerji mənbələrinin yaradılması Azərbaycana artıq 2027-ci ildə ölkənin enerji balansında yaşıl enerjinin payını 35 faizə çatdırmağa imkan verəcək.

Artan günəş enerjisi

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda günəş elektrik stansiyalarından 334,2 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Rəsmi statistikaya əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.

Külək enerjisində isə vəziyyət hazırda qənaətbəxş deyil. Belə ki, yeddi ayın yekunlarına görə, Azərbaycanın külək elektrik stansiyaları cəmi 27,5 milyon kVt/saat elektrik istehsal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə küləkdən alınan elektrikin həcmi 18,6% azalıb. Bunun səbəbi vaxtı ilə ölkədə tikilən külək turbinlərinin daha az gücə malik olması və təqribən 12-15 il istismardan sonra onların enerji vermə qabiliyyətinin xeyli azalmasıdır.

Buna görə də hazırda Azərbaycanda böyük gücə malik külək elektrik stansiyalarının tikintisi planlaşdırılır və onlardan ilki  (Xızı-Abşeron) artıq bu yaxınlarda Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti tərəfindən mərhələli şəkildə istismara veriləcək. Həmin stansiyanın gücü isə 230 MVt təşkil edəcək və 37 turbindən ibarət olacaq. 

Bizim.Media

Chosen
28
3
bizim.media

10Sources