EN

Məndən söz düşəndə söhbət uzanmır

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əjdər OL

Avqustun 17-si çağdaş Azərbaycan ədəbiyyatının sayılıb-seçilən nümayəndəsi, şair, nasir və dramaturq Əjdər Olun doğum günüdür. Ədəbi mühitimizdə şəxsiyyəti və yaradıcılığı ilə özünəməxsus mövqe tutan dəyərli ədibin 67 yaşı tamam olur. Çox təəssüf, son bir neçə ildə olduğu kimi, bu doğum günündə də Əjdər Ol həbsxana divarları arasındadır. Ümidvarıq ki, bu günlər arxada qalacaq və o, tezliklə azadlığa qovuşacaq.

Əjdər Ola doğum günü münasibətilə səmimi təbriklərimizi, xoş arzularımızı ünvanlayır, şeirlərindən nümunələri təqdim edirik.

Mən

Əzabı mən elə gözəl çəkirəm,

Çəkdiyim əzabdan heç kəs usanmır.

Özüm öz başıma sığal çəkirəm,

Məndən söz düşəndə söhbət uzanmır.Dərd məndən əlini büsbütün çəkib,

dərdi sonalayıb, qəmi seçirəm.

Əzabın altından pis tütün çəkib,

üstündən şipşirin su da içirəm.Ağrıya, əzaba qənim ürəyim,

hamını yatırdıb gecə ağrıyır.

Bircə mən bilirəm mənim ürəyim,

hərdən həzin-həzin necə ağrıyır.Təmkinim elə tez pozulmaz, atam,

çox da iş pozulur, saç yelən salır.

Xoşbəxt günlərində quduran adam,

dərdə düşən kimi vay-şivən salır.Başdan eləyirəm, başdan əkirəm,

kim doğan səhərə şükür eləmir.

Əzabı mən elə gözəl çəkirəm,

bir kimsə dərdimdən fikir eləmir.

Təki qəsd olmasın!

Qəsd olsa,

hər palıd bir dar ağacıdır.

hər döngə,

hər tin

pusqu yeri.

Əkil,

mumla,

kiri!

Qəsd olsa,

çəngəl-bıçaqdan ağır silah yoxdur.

Hər qab zəhər dolu tuluqdur.

Qəsd olsa,

gündüzlə gecənin,

evlə küçənin,

odla suyun,

toyla vayın

nə fərqi?

Boğazında qalar

etdiyin dua,

oxuduğun şərqi.

Təki qəsd olmasın!

çəngəl-bıçaq,

qab-qacaq

qarışmasın insan işinə.

Gündüzlə gecənin,

evlə küçənin,

odla suyun,

toyla vayın

fərqi olsun!

Dil-dodaqda

dua olsun,

şərqi olsun!

Qəmciyəz

Xoş gəlmisən, qəmciyəz,

Nə deyirəm mənciyəz.

Qəmin içiyi olmaz,

Böyük-kiçiyi olmaz.

Sərçə kimi donmusan,

Əllərimə qonmusan.

Qəmlərimə gəl qoşul,

Mənim gözlərim yaşıl,

İsti qanıma buyur!

Yarı canıma buyur!

Mən səni tək qoymaram,

Gözlərindən doymaram.

Bit dilimin ucunda,

Saqqalımda, saçımda,

Dən sağlığına qismət!

Mən sağlığına qismət!

Qorxma!

Qorxursan qəfildən yağan yağışdan,

Zülmət gecələr də qorxan yerindir.

Qorxursan naqolay sözdən, baxışdan,

Səni qorxudan da sənin birindir.Deyirsən, gizlətsən ağrı-acını,

Aralar qarışmaz, bulanmaz sular.

Əkmirik Allahın qoz ağacını,

Deyirsən düşəri-düşməzi olar.Keçər düşər-düşməz, solar hər baxış,

Qara geyim də gey, səbrdən də keç.

Bilirsən nə deyir hər qəfil yağış,

Qorxma, ovcunu tut, bir qurtum su iç!

Dəyişik düşmüşük

Sizin aranızdan bəlkə də qaçdım,

Şərik yox dərdini bölən adama.

Bəlkə də dözməyib sirrimi açdım,

Özgə planetdən gələn adama.Soyuq qarşılayıb belə küskünü,

O da şikayətə başlayacaqmı?!

Yerinin sirrini açan miskini,

Göydən gələn adam xoşlayacaqmı?!Mənim güvəndiyim o boşqab – gəmi,

Yaxşını yamandan seçmədi bəlkə.

Duyub dediklərim Yerdəki kimi,

Göydə də bir işə keçmədi bəlkə.Kaş göydən gələnim dərd bilən ola,

Bəlkə o da bizə dərdi-sər gəlir.

Bəlkə tanrı dözmür bu qalmaqala,

Meracdan təzə bir peyğəmbər gəlir?!Bəlkə kimsə onu didərgin salıb,

Başqa planetə ümiddir o da.

Bəlkə mənim kimi havada qalıb,

Yer tapmır özünə quruda, suda.Bəlkə də günahlar heç bizdə deyil,

Dəyişik düşmüşük, o, gəl-getdədir.

Bəlkə mənim yerim Yer üstə deyil,

Uzaqda, özgə bir planetdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
10
525.az

10Sources