AZ

"Yaxın gələcəkdə Azərbaycan NATO-ya üzv ola bilər"

“Türk Dövlətləri Təşkilatı varlığı ilə istər-istəməz Amerika üçün xidmət edə biləcək potensiala malikdir. Amerika öz gücünü qorumaq üçün özünə alternativ ola biləcək dövlətləri kiçiltmək və onlara qarşı mübarizə aparmaq istəyir. Hətta bunun üçün dünya üzrə yaydığı neoliberal siyasətləri belə görməzdən gəlir".





Bu fikirləri türkiyəli iqtisadçı Neşat Gündoğdu Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda “şər üçbucağı” adlandırdığı Rusiya, İran və Çin mövzusu var:

“Türk Dövlətləri Təşkilatı bu üç dövlət üçün narahatlıq yaradacaq potensiala sahibdir. Buna görə də yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı ABŞ tərəfindən dəstəklənəcək və önünün açıldığını görəcəyik. Bu prosesin ilk nümunəsini Zəngəzurda gördük. Əslində, Zəngəzur məsələsi çoxdan həll edilə bilərdi. Amma uzanmasının səbəbi Ermənistanın prosesi uzatmaq istəməsi deyil, Ermənistanın prosesi Amerika vasitəsilə idarə etmək istəməsidir. Ermənistanda Paşinyan uzun müddətdir öz daxili müxalifətinə baxmayaraq, xalqın da dəstəyini alaraq Rusiyanı özündən uzaqlaşdırmağa çalışır. Paşinyanın bu mövqeyi ABŞ-ın prosesi daha yaxından idarə etmək niyyətini ortaya qoydu.  Zəngəzur, ya da "Tramp marşrutu" kimi adlandırılan bu layihə ABŞ-ın müdaxiləsinin ən açıq nümunəsidir. Tramp əvvəlcə Putinə qarşı sanksiyaları artırdı, amma uzun müddətdir sanksiyalardan əziyyət çəkən Putin bu cəzalardan çox təsirlənmədi. Amma Zəngəzur dəhlizi tam fərqli situasiya yaradır. Çünki Ermənistan Rusiyanın “arxa qapısı”dır və oradan çıxmaq, Qərb blokuna qoşulmaq istəyir”.

İqtisadçı əlavə edib ki, Paşinyan əvvəlki bütün erməni liderlərindən fərqli olaraq ciddi geri addımlar atdı:



“Hətta bəzi hallarda rüsvay olmaya qədər gedən addımlar atdı və nəticədə bu, Qərb dünyasında qəbul edildi. Amma burada hər şey bir-birinə bağlıdır. Paşinyan çox geri addım atsa da, Türkiyə çox geri addım atmadı və bütün addımlarını Azərbaycanla koordinasiya etdi. Hazırda Azərbaycanın razılığı olmadan Türkiyə Ermənistan arasında heç bir real normallaşma prosesi baş vermir. Diplomatik görüşlər olsa da, ciddi nəticə yoxdur. Trampın iştirakı ilə Zəngəzur dəhlizinin açılması və ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq bitməsi göstərir ki, ABŞ bölgədə daha aktivdir və Azərbaycanla əlaqələrini gücləndirir. İlham Əliyevin barış mükafatını alması və ABŞ-la isti münasibətlərin vurğulanması, Amerikanın bölgəyə investisiya və təsirini artırması deməkdir. İki il əvvəl də demişdim ki, Azərbaycan NATO-ya üzv olmalıdır. Türk Dövlətləri Təşkilatı hərbi alyans qurmaq əvəzinə NATO daxilində mövqe tutmalıdır. Bu, həm Çin, həm Rusiya üçün ciddi problem yaradacaq. İlk NATO üzvü də Azərbaycan olacaq”. 

N.Gündoğdu diqqətə çatdırıb ki, Azərbaycan ordusu uzun müddətdir Türkiyə tərəfindən NATO standartlarına uyğun hazırlanır:

“Yaxın gələcəkdə Azərbaycan NATO-ya üzv ola bilər. Bu proses Amerika liderlərinin Rusiyaya və Çinə qarşı siyasətindən asılıdır. Bölgədə ciddi dinamizm var və dəyişikliklər Tramp dövründə başladı. Tramp daxili siyasətdə itirdiyi nüfuzunu bərpa etməyə çalışır. Amma Tramp gedəndən sonra eyni sürətlə proseslərin davam edib-etməyəcəyi sual altındadır.  Bu, bölgəyə həm fayda, həm də risklər gətirəcək. Bu səbəbdən Azərbaycanın NATO-ya üzvlüyü sürətlə gündəmə gəlməlidir. Azərbaycan NATO-ya üzv olsa, digər Türk Dövlətləri Təşkilatı üzvləri də bu yolu izləyəcək. Lakin bu, Qazaxıstan üçün narahatlıq yaradacaq, çünki Qazaxıstan hələ də Rusiyanın təsiri altındadır. Rusiyanın daxili siyasi dəstəyi güclüdür və əgər Rusiyanın Qazaxıstana müdaxiləsi baş verərsə, iqtisadi və digər səbəblər heç kimin diqqətini çəkməyəcək. Belə bir vəziyyətdə Türkiyə və Azərbaycana həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə çətinliklər yaranacaq. Türkiyənin Orta Asiyaya müdaxiləsi Çin üçün də narahatlıq yaradacaq və bu, Çin-Rusiya əməkdaşlığını gücləndirə bilər. Nəticədə, bölgə çox mürəkkəb və dəyişkən bir vəziyyətdədir”.

Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Seçilən
62
50
demokrat.az

10Mənbələr