EN

Emin Mahmudov Şamaxı stadionuna etiraz etdi

“Onlara qarşı qol epizodu yaratmaq çətindir”.

Bakues.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Neftçi” klubunun futbolçusu Emin Mahmudov evdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra deyib.

31 yaşlı yarımmüdafiəçi qələbə qazana bilməmələrinin səbəbini açıqlayıb: “Birinci hissəyə yaxşı başlamadıq. İkinci hissədə çoxlu qol epizodları yaratdıq, amma şanslardan istifadə edə bilmədik. Heyf ki, qələbə qazana bilmədik”.

Mahmudov komandasındakı uyğunlaşma prosesindən də danışıb: “Bəzi futbolçular hələ bir-birini tam tanımır. Bəziləri yeni gəlib, bəziləri isə komandaya gec qoşulub. Bir-birimizi daha yaxşı başa düşməyə çalışırıq. Amma bu, bəhanə deyil – qələbə qazanmalı idik. Sadə epizodlarda top itkilərimiz oldu və bu, bizə problem yaratdı. Daha çox qol imkanı yarada bilərdik”.

Kapitan yeni transferlər barədə də fikirlərini bölüşüb: “Kreativ oyunçularımızdan hələ tam yararlana bilməmişik. İmad Farajı hələ görməmişik. Freddi Valdes bizim üçün çox vacib oyunçu olacaq. Cordan Rezabala da komandaya qoşulduqdan sonra daha yaradıcı futbol oynayacağımıza inanıram”.

“Vaxtımız yoxdur, heç kim bizi gözləmir. Qarşıdakı oyunlarda mütləq qələbə qazanmalıyıq. Açığı, istəməzdim ki, çempionatda süni örtüklü meydança olsun. Şamaxıda günün altında oynamaq çətindir, amma bunlar bəhanə ola bilməz – hər oyuna qələbə üçün çıxacağıq”, – deyə təcrübəli futbolçu əlavə edib.

Hədəflərinə də toxunan Mahmudov vurğulayıb: “Hədəf hər zaman çempionluqdur. Nə qədər çətin olsa da, bu məqsəddən imtina etməməliyik”.

O, “Neftçi”də kapitanlıq məsuliyyəti barədə də danışıb: “Bu klubda kapitan olmaq mənim üçün böyük qürurdur. Baş məşqçi Samir Abasovun etimadını doğrultmaq üçün əlimdən gələni edirəm. Komandadakı gənclərlə münasibətim çox yaxşıdır, onlara adaptasiya prosesində kömək edirəm”.

Qeyd edək ki, “Neftçi” növbəti turda “İmişli” ilə üz-üzə gələcək. Avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlanacaq.

Chosen
66
48
icma.az

10Sources