EN

ABŞ və Rusiya prezidentlərinin Alyaska görüşü dünyanın diqqət mərkəzindədir

Görəsən atəşkəs və sülh vədləri reallaşacaqmı? 

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Donald Tramp və Vladimir Putin arasında ilk şəxsi görüş dünən ABŞ-nin Alyaska ştatında keçirilib. Sammit Alyaskadakı ən böyük hərbi baza - Ankoricdəki Elmendorf-Riçardsonda baş tutub. Onun əsas mövzusu Ukraynadakı müharibənin sülh yolu ilə həlli olub. Lakin üç saat davam edən danışıqlarda  atəşkəslə bağlı heç bir vəd verilməyib.

Əvvəlcə ehtimal edilirdi ki, media təmsilçilərini salamlayandan sonra Vladimir Putin və Donald Tramp yalnız tərcüməçilərin iştirakı ilə təkbətək danışacaqlar. Lakin görüşdən bir qədər əvvəl Ağ Ev Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoffun prezidentin yanında olacağını açıqlayıb.

Bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun bu görüşdə iştirak edəcəkləri bildirilib.

Sonra birgə nahar zamanı nümayəndə heyətlərinin görüşü planlaşdırılıb.

Rusiyanı orada Yuri Uşakov, Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil etməli idi.

Lakin sonda nahar ləğv edilib. Dar tərkibdə danışıqlardan sonra Putin və Tramp mətbuata açıqlamalar verib jurnalistlərin suallarını cavablandırmayaraq müxtəlif istiqamətlərə uçublar.

BBC analitikləri yazırlar ki, üçsaatlıq danışıqlardan sonra Tramp heç nə ilə Vaşinqtona qayıdır. O, danışıqların yekununda deyib: "Razılaşma yalnız əldə edilən zaman mövcuddur. Biz hələ buna çatmamışıq". 

Bu, Putinlə Alyaskada atəşkəs barədə razılığa gələ bilmədiklərinin etirafı kimi şərh edilə bilər.

Görüşdən sonra Tramp "Fox News" telekanalına müsahibə verib və mövqeyini bir qədər də aydınlaşdırıb. O, Putinin "problemi həll etmək" istədiyini, Rusiya ilə Ukraynanın razılaşmaya yaxın olduğunu açıqlayıb. Ancaq Tramp bu sövdələşmənin parametrlərinin nə olduğunu və Putinin nə ilə razılaşdığını açıqlamayıb.

Bununla belə o bildirib ki, "indi məsələ Prezident Zelenskidən asılıdır". Amerika Prezidenti qeyd edib ki, gələn həftə Putinlə Zelenski arasında görüş təşkil etməyə hazırdır.

Donald Tramp müsahibəsində mindən çox hərbi əsirlərin siyahısını aldığını bildirib: "Minlərlə insanın olduğu bir kitabım var. Bu gün mənə verildi. Minlərlə insan, hərbi əsir azad ediləcəklər. Min nəfər, mindən çox məhbus var".

Ukraynanın buna razı olub-olmayacağı ilə bağlı suala Tramp deyib: "Hər bir halda onlar bunu qəbul etməli olacaqlar. Onlar azad ediləcək, qəbul etməli olacaqlar".

Bu arada "Reuters" Ağ Evdəki iki mənbəyə istinadən xəbər verib ki, Trampın həyat yoldaşı Melaniya Putinə şəxsi məktubunda Ukrayna və Rusiyadakı uşaqların acınacaqlı vəziyyəti ilə bağlı məsələ qaldırıb. Agentliyin məlumatına görə, Tramp məktubu Putinə Alyaska sammitində apardıqları danışıqlar zamanı şəxsən verib.

Tramp həmçinin deyib ki, Putinlə Ukraynanın təhlükəsizliyinə zəmanət məsələsində böyük ölçüdə razılığa gəliblər. O həmçinin Zelenskiyə Putinlə razılığa gəlməyi məsləhət gördüyünü deyib: "Rusiya çox güclü ölkədir, onlar deyil".

Öz növbəsində Putin media nümayəndələri qarşısında çıxışında bildirib: "Bu gün biz Prezident Trampın dediyini eşidirik: "Mən prezident olsaydım, müharibə olmazdı". Düşünürəm ki, bu, həqiqətən də, belə olacaqdı, çünki Prezident Trampla çox yaxşı, işgüzar və etibarlı əlaqə qurmuşuq və inanmaq üçün bütün əsaslarımız var ki, bu yolla irəliləyərək, Ukraynadakı münaqişəyə tez bir zamanda son qoya bilərik".

 NATO-nun Baş Qərargahında Birgə Kəşfiyyat Bölməsinin keçmiş yüksəkvəzifəli əməkdaşı Edvard Ronqun sözlərinə görə, Trampın "Ukrayna ərazisinin dəyişdirilməsi"ni müzakirə etməyə razı olmaması və Rusiya nümayəndə heyətinə görüşün gündəliyini genişləndirməyə imkan verməməsi vacibdir.

ABŞ-nin veteran diplomatı Daniel Frid isə BBC-yə deyib: "Yaxşı xəbər odur ki, Ukrayna üçün heç bir pis razılaşma olmayıb, yaxşı xəbər burada bitir. O, 40 il Dövlət Departamentində çalışıb, o cümlədən ABŞ-Rusiya münasibətləri ilə məşğul olub".

Fridin sözlərinə görə, problem Putinin heç bir güzəştə getməməsindədir: "Tramp hər şeyi ən yaxşı tərəfdən göstərməyə çalışdı, lakin nəyə nail olduğu bəlli deyil".

ABŞ lideri Ankoricdən Vaşinqtona qayıdarkən təyyarədə Avropa liderlərinə və Ukrayna Prezidentinə Putinlə görüşünün nəticələri barədə danışıb.

AFP Avropa Komissiyasının nümayəndəsinə istinadən xəbər verir ki, söhbət bir saatdan çox davam edib.

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, söhbətdə Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Key Starmer və NATO-nun Baş katibi Mark Rütte iştirak ediblər. Tramp Zelenskiyə və NATO liderlərinə deyib ki, Putin müvəqqəti atəşkəs istəmir.

Bu barədə "Axios"un jurnalisti Barak Ravid öz mənbələrinə istinadən "X" sosial şəbəkəsində yazıb: "Prezident Tramp Zelenskiyə və NATO liderlərinə deyib ki, Putin atəşkəs istəmir və müharibəni bitirmək üçün hərtərəfli razılaşmaya üstünlük verir". O həmçinin mənbəyə istinadən Trampdan sitat gətirir: "Məncə, sürətli sülh razılaşması atəşkəsdən yaxşıdır".

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya prezidentlərinin görüşündən sonra Donald Trampla baş tutan telefon danışığını "mənalı" adlandırıb.

"Prezident Trampla əvvəlcə təkbətək, sonra da Avropa liderlərinin iştirakı ilə uzun, mənalı söhbət oldu. Ümumilikdə, bir saat yarımdan çox, təxminən bir saat təkbətək danışdıq. Prezident Tramp mənə Rusiya lideri ilə görüşü, söhbətin əsas məqamları barədə məlumat verdi", - Zelenski sosial şəbəkələrdə yazıb.

O həmçinin üçtərəfli formatda danışıqlarda iştirak etməyə razılıq verib. "Biz Prezident Trampın Ukrayna-Amerika-Rusiya üçtərəfli görüşü ilə bağlı təklifini dəstəkləyirik. Ukrayna vurğulayır: əsas məsələlər liderlər səviyyəsində müzakirə oluna bilər və üçtərəfli format buna uyğundur", - deyə Zelenski bildirib.

Zelenski həmçinin deyib ki, bazar ertəsi Vaşinqtonda Trampla atəşkəsin təfərrüatlarını müzakirə edəcək: "Bazar ertəsi Vaşinqtonda Prezident Trampla qətlləri necə dayandırmağın, müharibəni necə bitirməyin bütün təfərrüatlarını müzakirə edəcəyəm. Dəvət üçün minnətdaram".

Ukrayna Prezidenti vurğulayıb ki, o, ABŞ ilə birlikdə təhlükəsizliyin təmin edilməsi üçün avropalıların bütün mərhələlərə cəlb olunmasını vacib hesab edir.

Chosen
30
50
azerbaijan-news.az

10Sources