EN

Sözü imzası qədər keçərli

İlham Əliyev beynəlxalq səviyyədə nüfuz və təsir gücünə malik dövlət başçısıdır

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirdi. Yəni hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi.

İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. 

Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

İlham Əliyevin artan qlobal nüfuzu bir tərəfdən Azərbaycanın strateji mövqeyini möhkəmləndirərkən, digər tərəfdən onun liderlik keyfiyyətlərini və diplomatik bacarıqlarını önə çıxarır. 

Qarabağ zəfəri həm də Azərbaycanın gücünü və müstəqil xarici siyasətini daha geniş qlobal səviyyədə tanıtdı və bu dövr ərzində Azərbaycanın Qərb və Şərq ölkələri ilə diplomatik əlaqələri daha da dərinləşdi.

Azərbaycanın BMT, ATƏT, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda fəal iştirakı onun qlobal siyasətdəki rolunu artırır. Azərbaycanın bu təşkilatlarda mövqeyi onun həm regional, həm də qlobal məsələlərə təsir göstərən bir ölkə olduğunu göstərir.

Azərbaycanın qlobal mövqeyi onun enerji siyasəti, diplomatik əlaqələri, regional gücü və beynəlxalq təsiri ilə möhkəmlənir. Bu həm Azərbaycanın iqtisadi və siyasi gücünü artırır, həm də onu dünya miqyasında mühüm bir oyunçuya çevirir.

Təkcə son illərdə Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Ölkəmizin mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avro-Atlantik məkana inteqrasiya olunan bir ölkədir. 

Bütün bu uğurların yeganə səbəbi, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Azərbaycana rəhbərlik etdiyi 22 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb.

Bu gün Prezident İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan, qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsləri, mühüm təklifləri göstərmək olar. 

Dünyanın ən güclü dövləti sayılan ABŞ-nin Prezidenti Donald Tramp kimi şəxsin Azərbaycan Prezidentinin III Şuşa Qlobal Forumundakı çıxışını "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşması da deyilənlərin təsdiqidir. 

Avqust ayının 8-də Vaşinqtonda keçirilən ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə Donald Trampın İlham Əliyevə xitabən "Siz böyük lidersiniz" ifadəsini işlətməsi bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti dünyanın qlobal liderlərindən biri kimi qəbul olunur. Bu fikirlər həm də Azərbaycana, onun müdrik rəhbərinə verilən ən yüksək dəyər və qiymətdir. 

Ümumiyyətlə, Vaşinqton səfərinin nəticələri və regionumuzda davamlı sülhün təmin olunması üçün görülən işlər, İlham Əliyevin sülh prosesində liderliyi regionumuzu yeni müharibələrdən xilas etdi. Bəllidir ki, regionumuzu müharibələrə sürükləməyə çalışan şər qüvvələr var. Amma İlham Əliyev müharibədə qələbəni təmin edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək uğurla sülh gündəliyini də reallaşdırdı. Bu, regionumuzu, ölkəmizi yeni bəlalardan xilas etmək deməkdir.

ABŞ Prezidenti Donald Trampın "İlham Əliyevlə işləmək şərəfdir" bəyanatı onun liderliyinin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. Bu, İlham Əliyevin regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir. İlham Əliyev həm hərbi mərhələdə, həm də post-konflikt diplomatiyasında həmin modelin uğurlu tətbiqini nümayiş etdirdi.

Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasına, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Regionun lider dövləti olan Azərbaycan bu gün dünya miqyasında sözünü deyən ölkələrdən biridir. Dünyanın kosmik ölkələr ailəsinin üzvü olan Azərbaycanın bu gün orbitdə 3 peyki mövcuddur. 

Prezident İlham Əliyev qlobal transmilli layihələrin müəllifi, təşəbbüskarı kimi Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", Orta dəhliz kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Onun müəllifi olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Chosen
10
13
azerbaijan-news.az

10Sources