BAKI. 17 avqust. TELEQRAF
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, "Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Kəpəz"i sınağa çəkəcək.
Baş hakim Fərid Hacıyevin idarə edəcəyi görüş saat 20:30-da başlanacaq. Ölkənin ikinci və üçüncü böyük şəhərlərinin təmsilçiləri indiyədək 32 dəfə üz-üzə gəliblər. Bunların 13-də Sumqayıt", 8-də "Kəpəz" meydanı qələbə ilə tərk edib, 11 matç isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "gənclik şəhəri" təmsilçisi öndədir - 40:30.
Son 4 matçda qonaq olan komanda qol vurmayıb. “Sumqayıt” ardıcıl iki quruhesablı ev qələbəsi qazanıb.
17 avqust (bazar)
20:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə, "Neftçi" isə "Şamaxı" ilə heç-heçə edib - 1:1. Yalnız "Turan Tovuz" "İmişli" üzərində qələbə qazanıb - 1:0. Avqustun 19-da "Zirə" - "Araz-Naxçıvan" matçı keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.