Bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Aeroport yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxsin iltizamnaməsi alınıb və o, ixtisaslı tibbi xidmətdən imtina edib.
Qeyd edək ki, qəzada 1 nəfər həyatını itirib.
***
13.26
Yollarda nəqliyyat vasitəsində texniki nasazlıq yaranan hər bir sürücü əvvəlcə təhlükəsizlik tədbiri görməlidir. Bu bir vəzifə borcu olmaqla yanaşı, özü və digərlərinin həyatı üçün də önəmlidir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, təəssüflər olsun ki, bu gün səhər saatlarında Suraxanı rayonu, Aeroport şosesində sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizlik etməsi ağır qəzanın baş verməsinə səbəb oldu. Belə ki, müşahidə kamerasının görüntüsünə əsasən deyə bilərəm ki, minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb. Ancaq heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını itirməsi ilə nəticələndi.
Müşahidələr onu deməyə əsas verir ki, avtomobilində nasazlıq yaranan sürücülərin bəziləri yollarda təhlükəsizlik qaydalarına əməl etmirlər. Bunu nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücülərə müraciət edərək bildirir ki, avtomobildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda hərəkətdə olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar.
***
11.07
Suraxanıda qəza baş verib, sıxlıq yaranıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.