EN

“Tramp yolu” nə vaxt açılacaq?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Düşünürəm ki, ilin sonuna qədər “Tramp yolu” istifadəyə verilə bilər”. 

Bu sözləri politoloq Natiq Miri “Cümhuriyət”-ə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan ilin sonuna qədər Ermənistanla sərhədədək dəmiryolu və avtomobil yolunun inşasını sona çatdırmaq istəyir: 

“Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə 8 avqustda Ağ Evdə mətbuata açıqlama verib. Bu, birbaşa ismarış idi. Əgər biz öz tərəfimizdən nəqliyyat-kommunikasiya xəttinin inşasını başa çatdırırıqsa, qarşı tərəf də bunu bacarmalıdır. 

Bu, dolayısı ilə Ermənistana bir ev tapşırığı olaraq verilir ki, həmin müddət ərzində ən azından nəqliyyat və kommunikasiya xətti konkret layihələndirsin, habelə bunu maliyyələşdirəcək üçüncü tərəfi müəyyən etsin. Çünki sənəddə üçüncü tərəf məsələsi də var. Bəlkə də ABŞ-nin istəyi ilə həmin ifadə sənədə əlavə olunub”. 

Ekspert qeyd edib ki, ABŞ hər zaman üçüncü tərəflərdən də istifadə edib:

“Bu baxımdan, “Tramp yolu”na qoyulacaq maliyyəni də üçüncü tərəf dövlətə həvalə edə bilər. Hesab edirəm ki, bu dövlətin Birləşmiş Ərəb Əmirlikləri olma ehtimalı böyükdür. Məhz onun dəstəyi ilə bütün bu infrastrukturu formalaşdırmaq istəyə bilər. 

Əgər bu anlaşma qısa müddətdə baş tutacaqsa, inşaat işləri çox çəkməyəcək. Çünki 44 kilometrlik dəmir və avtomobil yolunun inşası intensiv iş aparılsa, qısa zamanda yekunlaşar. Konkret olaraq, ilin sonuna və ya gələn ilin ilk yarısına qədər “Tramp yolu” açıla bilər”. 

Politoloq hesab edir ki, bu məsələ uzun çəkməyəcək: 

“Bu istiqamətdə qarşıdakı günlərdə Ermənistanla Rusiya və İran arasında da danışıqlar aparılacaq. Düşünürəm ki, həmin danışıqlar da müsbət yekunlaşacaq. Ümumiyyətlə, Tehran və Moskvanın prosesi pozmaq kimi şansı yoxdur. Nəzərə almaq lazımdır ki, ABŞ çəkindirici bir dövlətdir. Yaxın günlərdə Ağ Evdən verilən açıqlamada bu layihənin ABŞ Prezidenti Donald Tramp üçün xüsusi əhəmiyyət daşıdığı vurğulandı. 

Bu isə o deməkdir ki, buna əngəl olmaq istəyən Trampı qarşısında görəcək. Yəni bu, istər siyasi, istərsə də hərbi cəhətdən mümkün deyil. Üstəlik, bu ərazi Azərbaycan və Ermənistan arasında olan bölgədir. Ona görə də qərarı yalnız İrəvan və Bakı verər”.

Natiq Miri İranın prosesə müdaxilə edəcəyi barədə bəyanatlarına da münasibət bildirib: 

“İranın müdaxilə edəcəyi barədə bəyanatlar absurd olmaqla yanaşı, həddini aşan yalanlardan ibarətdir. Bu plan pozulacağı təqdirdə, İran və Rusiya Ermənistanı tamamilə itirəcək. Hətta ondan sonra Rusiyanın 102-ci bazasını da Gümrüdə saxlamaq olmayacaq.

 Ümumiyyətlə, Ermənistanın Baş naziri Nikol Paşinyana ABŞ rəhbərliyi səviyyəsində ciddi təminat verilməsəydi, əsla buna razılaşmazdı. Yəni bu məsələ qısa müddətdə öz həllini tapacaq. Artıq prosesin qarşısı alınmazdır və kimsə nə isə edə bilməz”.

Xatırladaq ki, 8 avqustda  Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sənəddə deyilir:

“Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik.

Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik.Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. 

Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik”.

Elmir Mustafa

"Cebheinfo.az" 

Açar sözlər:

“Tramp yolu” Zəngəzur yolu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
133
19
cebheinfo.az

10Sources