EN

Plastik əməliyyatlar və bir birinə bənzəyən insanlar: Psixologiyanın diktəsi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Son illər küçədə, televiziya ekranlarında və sosial şəbəkələrdə üzləri bir-birinə çox bənzəyən insanlarla tez-tez qarşılaşırıq. Həddindən artıq dolğun dodaqlar, kiçik burun, eyni qaldırılmış qaş forması, hamar və ifadəsiz üzlər… Sanki hər kəs eyni şablona uyğunlaşdırılıb. Bu, təkcə estetik seçim deyil. Bunun arxasında dərin psixoloji mexanizmlər dayanır.

Psixologiyada “sosial təsdiq” anlayışı var. İnsan, qəbul görmək və bəyənilmək üçün ətrafdakıların standartlarına uyğun davranmağa meyllidir. Sosial şəbəkələrdə “like” və rəylərlə ölçülən gözəllik anlayışı bir növ yeni ölçü vahidinə çevrilib. Nəticədə insanlar öz fərdiliyini itirərək, başqalarının “ideal” hesab etdiyi görünüşə sahib olmağa çalışır.

Bir insanın üzü onun şəxsiyyətinin ən güclü vizual simvoludur. Əgər eyni dodaq, eyni burun, eyni yanaq xətti hamıda varsa, bu, fərdiyyətin yox olması deməkdir. Psixoloqlar bunu “identiklik böhranı” adlandırır. İnsan öz unikallığını itirdikdə daxili narahatlıq və özünə yadlaşma hissi yarana bilər.

Plastik əməliyyata meylli insanların çoxunda hər şeyin mükəmməl olmasını istəmək və özünə qarşı sərt tənqid güclüdür. “Bu burnum böyükdür”, “Dodaqlarım incədir” kimi fikirlər illərlə təkrarlananda, insan öz təbii görünüşünü qəbul edə bilmir. Əməliyyatlar bəzən bu daxili narazılığın müvəqqəti örtüyünə çevrilir.

Instagram və TikTok kimi platformalarda davamlı olaraq “ideal” üzlərə baxmaq beynimizdə təhrif olunmuş gözəllik standartı yaradır. İnsan özünü bu şəkillərlə müqayisə etdikcə, fərqlilik qüsur kimi görünməyə başlayır. Nəticədə təbii üzdə olan hər kiçik fərq “düzəldilməli” bir problemə çevrilir.

Plastik əməliyyatın həddini aşması, üzdəki təbii mimikaların itməsi ilə nəticələnir. Bu, yalnız estetik yox, həm də psixoloji ünsiyyət problemi yaradır. Çünki insan üzü emosiyaları ifadə etmək üçün əsas vasitədir. Eyni donuq gülümsəmə və şişirdilmiş dodaqlar insanı emosional baxımdan “maskalı” göstərir.

Plastik əməliyyatlar tamamilə pis deyil. Problem onların psixoloji təməlində yatan, fərdiliyi məhv edən kütləvi təqlid meyilidir. Əgər insan daxildən özünü olduğu kimi qəbul etməyi bacarırsa, estetik dəyişikliklər onu daha xoşbəxt edə bilər. Amma qəbul etmədən edilən hər dəyişiklik, yalnız maska taxmaqdan ibarət olacaq.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
bizimyol.info

1Sources