EN

"Alyaska sammiti: Zelenskinin ən təhlükəli günü və Putinin gizli planı" - "The Telegraph"

 
"Tramp-Putin görüşü Ukrayna müharibəsinin gedişatını dəyişdirə, Qərb alyansında parçalanma yarada bilər..."
 
Alyaskada keçiriləcək Tramp-Putin sammiti Rusiya prezidenti Vladimir Putin üçün diplomatik cəhətdən artıq qazanılmış bir uğurdur. ABŞ lideri ilə şəxsi görüş ona illərlə arzuladığı beynəlxalq legitimlik qazandırır, daxildə nüfuzunu möhkəmləndirir və onu Qərb təcridindən çıxarır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, lakin bu görüş Ukrayna prezidenti Vldimir Zelenski üçün müharibənin ən təhlükəli anına çevrilə bilər, çünki onun ölkəsinin taleyi onun iştirak etmədiyi masada müzakirə olunacaq.
 
Zelenski üçün "Yalta" və "Münhen" qorxusu
 
Analitiklər bu sammiti tarixi analoji nümunələrlə -  1945-ci ilin Yaltası, 1938-ci ilin Münheni ilə müqayisə edir. Hər iki halda maraqlı tərəflərin iştirakı olmadan sərhədlər dəyişdirilib, ölkələrin taleyi böyük güclərin əlində formalaşıb. İndi də oxşar təhlükə var: Putinin təklifinin mahiyyəti Ukraynanın Donetsk və Luqansk vilayətlərini tam şəkildə Rusiyaya verilməsi, əvəzində isə döyüşlərin dayandırılması və cəbhə xəttinin dondurulmasıdır.
 
Tramp isə ictimai şəkildə "Mən Zelenski və Avropa liderləri ilə danışmadan heç bir razılaşma bağlamayacağam" deyə söz versə də, diplomatlar onun tez təsirlənən xarakterinə və son danışdığı şəxsin təsirinə açıq olmasına diqqət çəkir. Əgər həmin şəxs Putin olarsa, risk daha da artır.
 
Putinin "səhnəarxası" planı
 
"Sky News" nəşrinin məlumatına görə, Putin görüşdə özünü güzəştə getməyə hazır kimi göstərəcək. O, Trampın tez nəticə əldə etmək və bu nəticəni öz uğuru kimi təqdim etmək istəyindən istifadə etməyə çalışacaq. Hətta Zelenski ilə mümkün görüş barədə qeyri-müəyyən və şərtli bir "vəd" də verə bilər.
 
Putin həmçinin Trampın işgüzar təbiətinə hesablanmış "cazibələr" təklif edə bilər, bunlar nadir torpaq metallarına dair müqavilələr, Arktikada ortaq layihələr, hətta nüvə silahlarına nəzarət barədə razılaşma ehtimalı ola bilər. Rusiya nümayəndə heyətində maliyyə naziri, investisiya üzrə xüsusi nümayəndə və müdafiə naziri kimi fiqurların olması bu istiqamətdə ciddi planların mövcudluğunu göstərir.
 
Görüşün mümkün nəticələri
 
Əgər Putin Trampı inandıra bilsə, sammit Ukraynanın parçalanmasını dəstəkləyən bir nəticə ilə başa çata bilər ki, bu da Qərb alyansını zəiflədər. Belə halda Zelenski ya əlverişsiz müqaviləni qəbul etməli, ya da Vaşinqtonun gözündə "sülhə qarşı çıxan" kimi görünərək ABŞ-ın həyati dəstəyini itirmək riskinə girməlidir.
 
Bununla belə, Avropa liderləri hələ də diplomatik yolla vəziyyəti öz xeyirlərinə dəyişməyə ümid edir. Əgər bu baş tutarsa, Tramp sərt sanksiyalara qayıda və Moskvanı real atəşkəsə məcbur edə bilər. Hazırda isə aydın olan budur: nəticə necə olursa-olsun, Alyaska görüşü Putinə artıq istədiyi ən əsas şeyi - ABŞ prezidenti ilə eyni masada oturmaq imkanı verib. Bu isə onun üçün təkcə siyasi deyil, həm də şəxsi qələbədir.
Chosen
51
42
moderator.az

10Sources