EN

Diplomatiyada yeni era:Vaşinqtondan Zəngəzura

Azərbaycan–ABŞ əməkdaşlığında tarixi sülhün təntənəsi

Azərbaycanın uğurlu və uzaqgörən xarici siyasəti milli maraqların qorunması, beynəlxalq nüfuzun möhkəmləndirilməsi və regionda sabitliyin təmin olunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etməyə imkan yaratdı. Avqustda Prezident İlham Əliyevin ABŞ-a səfəri isə bu siyasətin parlaq diplomatik nəticəsi kimi tarixə düşdü. Çünki ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqustun 7-də Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirən və regionda uzunmüddətli sülh üçün yeni imkanlar açan mühüm diplomatik hadisə oldu.

Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafını təmin etmədi, həm də 1990-cı illərin əvvəllərindən bəri formalaşan ABŞ–Azərbaycan münasibətlərinin tarixi prosesini davam etdirdi, “907-ci düzəliş” kimi illərlə mövcud olmuş məhdudiyyətlərin aradan qaldırılması üçün zəmin yaratdı. Vaşinqtonda keçirilən görüşlər və əldə olunan razılaşmalar Azərbaycanı dünyaya bir daha yaxından tanıtdı, onun beynəlxalq nüfuzunu möhkəmləndirdi, həmçinin Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesini hüquqi və strateji baxımdan dəstəklədi. Bu səfər diplomatiyamızın parlaq siyasi triumfu kimi tarixdə özünəməxsus yerini aldı və regionda sülh, sabitlik və iqtisadi inkişafın yeni mərhələsini açdı.

Azərbaycan–ABŞ münasibətlərində canlanma perspektivləri

Co Baydenin rəhbərliyi dövrü istisna olmaqla, Bakı və Vaşinqton arasında əlaqələr normal və məhsuldar inkişaf edib, xüsusilə enerji təhlükəsizliyi və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahələrində əməkdaşlıq mövcud olub. D. Trampın rəhbərliyi dövründə, 2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi fonunda Ağ Ev neytral mövqe nümayiş etdirmişdi. Bayden administrasiyasının dövründə isə münasibətlərdə gərginlik yaranmış, Azərbaycanın yaratdığı reallıqlar bəzi hallarda qəbul edilməmişdir. Buna baxmayaraq, rəsmi Bakı milli maraqları qoruyaraq qətiyyətli siyasət yürütmüşdür. Yeni ABŞ administrasiyası isə yanlış yanaşmalardan imtina edərək, əlaqələri normallaşdırmaq və əməkdaşlığı gücləndirmək yolunu seçmişdir. D. Trampın yenidən seçilməsi perspektivində isə donmuş siyasi əlaqələrin yenidən canlanması mümkündür.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi tarixə düşdü. Siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən çoxşaxəli sənədlər, qarşılıqlı etimadı gücləndirən qərarlar və gələcək əməkdaşlıq üçün institusional baza yaradılması, tərəflərin münasibətlərə verdiyi strateji dəyəri nümayiş etdirdi. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” iki ölkə arasında əlaqələrin gələcək istiqamətini müəyyənləşdirən əsas sənəd kimi ön plana çıxır. Bu sənəd yalnız siyasi niyyət bəyanatı deyil, konkret fəaliyyət planıdır. Növbəti 6 ay ərzində hazırlanacaq Strateji Tərəfdaşlıq Xartiyası enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələri əhatə edəcək. Bu, Azərbaycan və ABŞ arasında praktiki əməkdaşlıq üçün daimi, institusional çərçivənin yaradılması deməkdir.

Azərbaycan Prezidenti və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və “ExxonMobil” arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” enerji sahəsində tərəfdaşlığın yeni mərhələsinə yol açır. Bu əməkdaşlıq, Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini möhkəmləndirməklə yanaşı, ABŞ-ın enerji təhlükəsizliyi siyasətinə də töhfə verəcək. Prezident İlham Əliyevin sözləri ilə desək, bu sənəd “əhəmiyyətli bir layihənin reallaşmasına” zəmin yaradır.

Səfərin mühüm siyasi nəticələrindən biri ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması oldu. Bu düzəliş uzun illər Azərbaycan–ABŞ münasibətlərində gərginlik yaradan hüquqi baryer rolunu oynamışdı. Onun dayandırılması, xüsusilə də bu qərarın Prezident İlham Əliyevlə görüş çərçivəsində qəbul olunması, iki ölkə arasında yeni etimad mərhələsinin başlandığını simvolizə etdi.

Vaşinqton səfəri göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri artıq təkcə diplomatik ünsiyyət səviyyəsində deyil, həm də real layihələr, investisiya təşəbbüsləri və təhlükəsizlik əməkdaşlığı ilə daha da möhkəmlənir. Strateji Tərəfdaşlıq Xartiyası, enerji sahəsində yeni əməkdaşlıq formatı və 907-ci düzəlişin dayandırılması bu münasibətlərin gələcək onilliklər üçün möhkəm təməl üzərində qurulduğunu sübut edir.

Vaşinqton Zirvəsi: Tarixi sülh addımı

Prezident İlham Əliyevin ABŞ-a səfəri təkcə Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoymaqla kifayətlənmədi, həm də Azərbaycan–Ermənistan münasibətlərində sülh prosesinin ən həlledici mərhələsinə çevrildi. Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən və haqlı olaraq “Zirvə görüşü” adlandırılan görüşdə Prezident İlham Əliyev və Ermənistan Baş naziri arasında “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflandı. Bu addım, iki dövlət arasında uzunmüddətli sülhün təmin olunması istiqamətində indiyə qədər atılmış ən mühüm siyasi-hüquqi qərar kimi tarixə düşdü.

Sülh sazişi təşəbbüsü ilk olaraq rəsmi Bakı tərəfindən irəli sürülmüş, layihənin mətni də Azərbaycanda hazırlanmışdır. Lakin 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan bu təşəbbüslərə qarşı çıxaraq hərbi təxribatlar törətmiş, xarici havadarlarının dəstəyi ilə prosesi ləngitmişdi. 2023-cü ilin antiterror əməliyyatından sonra isə reallıqlar dəyişdi və rəsmi İrəvan bir neçə ay əvvəl sənədin bütün maddələri ilə razılaşdığını bəyan etdi. Vaşinqtonda Donald Trampın iştirakı ilə sazişin paraflanması həm də Qərbdə Azərbaycanı əsassız ittiham edən dairələrin arqumentlərini tamamilə puç etdi.

Zirvə görüşü çərçivəsində əldə olunan digər mühüm nəticə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları birgə məktub oldu. Bu sənəddə ATƏT-in Minsk Qrupu, ATƏT sədrinin Minsk konfransı üzrə şəxsi nümayəndəliyi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilməsi təşəbbüsü rəsmiləşdirildi. Beləliklə, bu addım Azərbaycanın Ermənistan qarşısında qoyduğu iki əsas şərtdən birinin yerinə yetirilməsi deməkdir.

Artıq yekun sülh sazişinin imzalanması üçün Ermənistanın qarşısında yalnız bir öhdəlik qalır – konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxartmaq. Bu şərtin icrası ilə Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün yeni siyasi reallıqlar tam şəkildə bərqərar olacaq.

Vaşinqtondan Zəngəzura: Tarixi bağlantı

Vaşinqton görüşünün nəticələrinə dair imzalanan Birgə Bəyannamə Azərbaycanın milli maraq və mənafelərini tam şəkildə əks etdirir. Sənəddə yer alan bütün müddəalar Azərbaycanın sülh prosesi ilə bağlı irəli sürdüyü prinsiplərə tam uyğundur. Birgə Bəyannamədə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsi zərurəti vurğulanır.

Sənədə əsasən, tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişədən uzaq, parlaq gələcək yoluna qədəm qoyulmasının vacibliyini qəbul edirlər.

Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması da xüsusi vurğulanır. Bu müddəa respublikamızın milli maraqlarına xidmət edən prinsipial hədəfin reallaşması deməkdir. Sənəddə təsbit olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasını nəzərdə tutur.

Beləliklə, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qarşıya qoyduğu milli məqsədlərdən biri bu layihə vasitəsilə artıq icra mərhələsinə qədəm qoyur.

8 Noyabrdan 8 avqusta…

Son 5 ilə yaxın dövr Azərbaycan tarixində dövlətçiliyimizin, milli suverenliyimizin və beynəlxalq nüfuzumuzun ən parlaq səhifələri ilə yadda qalıb. Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsi olaraq torpaqlarımız işğaldan azad edilmiş, Qarabağda erməni separatçılığına son qoyulmuş və bütün ərazilərimiz üzərində milli suverenliyimiz tam təmin edilmişdir. Bu uğurlar yalnız hərbi və siyasi zəfər deyil, həm də Azərbaycanın uzunmüddətli strateji hədəflərinə çatmaqda həyata keçirdiyi uzaqgörən diplomatik kursun nəticəsidir. XX əsrdən bu yana dünyada heç bir dövlətin tam birmənalı qalibiyyət qazandığı savaş olmadığı halda, Azərbaycan tarixdə milli maraqlarını güc və diplomatiyanın sintezindən istifadə etməklə qorumağı bacarmışdır. Tarixi ədaləti güc yolu ilə bərpa edən Müzəffər Ali Baş Komandan, diplomatik müstəvidə də uğurlar qazanaraq, Vətən müharibəsinin yaratdığı reallıqların qlobal səviyyədə tanınmasına nail olmuş, regionda davamlı sülhün bərqərar olunmasına təkan vermişdir.

Avqustun 8-də Vaşinqtonda atılan addımlar isə bu siyasətin diplomatik paralelinin təntənəli nümunəsi oldu. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması, dünyanın ən qüdrətli dövlətinin dəstəyi və şahidliyi ilə strateji əhəmiyyət qazandı. Sənəd regional sabitliyi möhkəmləndirir, ABŞ-la ikitərəfli əməkdaşlığı “bəyannamə”dən “icra olunan plan”a çevirir, 907-ci düzəlişin dayandırılması ilə institusional baryeri aradan qaldırır və sülh sazişinin hüquqi sütunlarını gücləndirir. Vaşinqton imzaları siyasi iradə, iqtisadi rasional, təhlükəsizlik və texnoloji yenilənməni birləşdirərək, Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni mərhələsini açdı. Bu addımlar yalnız ikitərəfli münasibətləri deyil, Cənubi Qafqazın gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını da formalaşdırdı. Azərbaycan milli maraqlarını qoruyaraq regional və qlobal səviyyədə etibarlı aktor kimi mövqeyini möhkəmləndirdi.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
62
50
ikisahil.az

10Sources