AZ

Cənubi Qafqazın yeni siyasi və iqtisadi mənzərəsi, TRIPP layihəsi Ceyhun Osmanlı Modern Diplomacy də yazır

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropanın "Modern Diplomacy" analitik portalı Azərbaycan Milli Məclisinin IV çağırış deputatı, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və analitik, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktoru Ceyhun Osmanlının Vaşinqton Birgə Bəyannaməsi və TRIPP layihəsinə həsr olunmuş məqaləsini dərc edib.

Dr. Ceyhun Osmanlı

14 avqust 2025-ci il

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış Üçtərəfli Bəyanat onilliklərdir davam edən Ermənistan–Azərbaycan arasında Qarabağ münaqişəsinə son qoyaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqların təməlini qoydu və Azərbaycanın Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etməsi üçün imkan yaratdı. Bu tarixi hadisənin fonunda Azərbaycan tərəfi iki qonşu arasında düşmənçiliyə son qoymaq və bütün regionda davamlı sülh yaratmaq məqsədilə bir sıra konstruktiv təşəbbüslərlə çıxış etdi.

Lakin 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonrakı iki il ərzində tərəflər arasında sülh istiqamətində əhəmiyyətli irəliləyiş olmadı. Buna görə də Azərbaycan tərəfi 14 mart 2022-ci ildə Ermənistanla sülh sazişi üzrə danışıqların başlanması və münasibətlərin normallaşdırılması üçün aşağıdakı beşbəndlik təklifi irəli sürdü: Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bununla belə, danışıqlar müxtəlif siyasi platformalarda davam etsə də, münasibətlərin normallaşması əsasən Ermənistan tərəfinin 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata uyğun olaraq tranzit dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməməsi və Ermənistan Konstitusiyasında əks olunmuş Azərbaycana qarşı ərazi iddiası səbəbindən əngəllənirdi. 

Bu baxımdan, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında imzalanmış Birgə Bəyannamə sülh prosesində mühüm diplomatik hadisə və Cənubi Qafqazın münaqişədən sonrakı diplomatik mənzərəsini formalaşdıran tarixi bir an kimi qiymətləndirilməlidir. Sözügedən görüşdə imzalanmış Birgə Bəyanatda keçmiş Qarabağ münaqişəsinə dair iki məsələ xüsusi əhəmiyyət daşıyır. Birincisi, tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmış "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" hər iki tərəfin sülh prosesini yekun mərhələyə çatdırmaq niyyətini nümayiş etdirən real siyasi iradənin ifadəsidir. İkincisi, 1994-cü ildən bəri tərəflər arasında vasitəçilik missiyasını yerinə yetirən keçmiş Minsk qrupunun fəaliyyətinə rəsmi olaraq son qoymaq və regionda "münaqişənin həlli" dövrünü həm simvolik, həm də praktiki baxımdan başa çatdırmaq məqsədilə tərəflərin birgə imzalayaraq ATƏT-ə təqdim etdikləri rəsmi müraciətdir.

Birgə Bəyannamədə aşağıdakı əsas strateji perspektivlər müəyyən olunmuşdur:

-    Sülhün təmin olunması və möhkəmləndirilməsi – tərəflərin qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin qurulmasına dair öhdəliyi;

-    Minsk qrupunun fəaliyyətinin dayandırılması – münaqişəni uzadan beynəlxalq mexanizmin formal və hüquqi olaraq ləğvi;

-    Kommunikasiya xətlərinin açılması – ölkədaxili, ikitərəfli və beynəlxalq miqyasda yeni nəqliyyat və logistika əlaqələrinin yaradılması və bərpası;

-    TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu – "Trump Route for International Peace and Prosperity") layihəsinin icrası – Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz quru bağlantısının təmin edilməsi;

-    Revanşist siyasətin istisna edilməsi – gələcəkdə hər hansı revanşist siyasətə və ya hərbi ritorikaya yol verilməsinin qarşısını almaq barədə siyasi öhdəliyin təsdiqi.

Bu perspektivlər, xüsusən də sərhədlərin toxunulmazlığı və güc tətbiqindən çəkinmə beynəlxalq hüququn fundamental normaları kontekstində regional sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni əsasların yaranmasından xəbər verir. Regional sülh və təhlükəsizlik nöqteyi-nəzərindən Birgə Bəyannamənin ən mühüm aspektlərindən biri Azərbaycan Respublikasının əsas hissəsinin Ermənistan Respublikasının ərazisindən keçən birbaşa quru dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyi nəzərdə tutan TRIPP adlı strateji infrastruktur layihəsidir. Azərbaycanın iki regionunu birləşdirən milli səviyyədə əhəmiyyətli təşəbbüs olmaqla yanaşı, bu layihə nəqliyyat, kommunikasiya və enerji inteqrasiyası kontekstində beynəlxalq əhəmiyyət kəsb edən, Cənubi Qafqazın geosiyasi və iqtisadi mənzərəsini formalaşdıracaq və onun qərb və cənub-qərb istiqamətləri ilə davamlı, təhlükəsiz və şaxələndirilmiş əlaqəsini təmin edəcək bir layihədir. Layihənin Orta Dəhliz təşəbbüsünə inteqrasiyası ilə hər il təxminən 35 milyon ton yükün Azərbaycan ərazisindən tranzit keçidi təmin olunacaq ki, bu da Azərbaycanın regional logistika qovşağı kimi geosiyasi mövqeyini gücləndirəcəkdir. Regional sabitliyin möhkəmləndirilməsi isə investisiya risklərini azaldacaq, iqtisadi diversifikasiyanı dəstəkləyəcək və xüsusilə qeyri-neft sektoruna xarici kapital axınını stimullaşdıracaqdır. Lakin Azərbaycan layihənin iqtisadi potensialından faydalanacaq yeganə regional ölkə deyil. Layihənin Azərbaycan hüdudlarından kənarda Ermənistan üçün də nəzərəçarpacaq faydası vardır. Ermənistanın regional tranzit şəbəkəsinə inteqrasiyası təkcə yeni xarici investisiyaların cəlb olunması deyil, həm də onun ixrac və idxal marşrutlarının şaxələndirilməsi və Türkiyə ilə sərhədlərin açılması imkanı deməkdir.

Vaşinqton görüşü təkcə Azərbaycan–Ermənistan sülh prosesində mühüm mərhələ deyil. Bu, həm də Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə yeni strateji tərəfdaşlığın əsasını qoyan tarixi mərhələ hesab olunur. Bu irəliləyiş Azərbaycan diplomatiyasında yeni mərhələ olmaqla yanaşı, ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsi deməkdir. Görüş çərçivəsində Azərbaycan və ABŞ hökumətləri arasında enerji, nəqliyyat və logistika, müdafiə sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik də daxil olmaqla geniş sahələri əhatə edəcək "Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında" anlaşma memorandumu imzalanmışdır.

Xüsusilə, 1992-ci ildə "Azadlığa dəstək aktı"na edilən 907-ci düzəlişin ləğv edilməsi tərəflər arasında ikitərəfli münasibətlər üçün yeni imkanlar yaradacaqdır. Bununla bağlı Prezident İlham Əliyev 9 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bildirmişdir:

"Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək".

ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində fəal iştirakı həmçinin infrastruktur və innovasiya layihələri üçün əlavə maliyyə potensialı, qabaqcıl texniki təcrübə və beynəlxalq investorların inamını artıran siyasi təminatlar təklif edir.

Bununla belə, liderlərin Vaşinqtondakı görüşü Azərbaycan və Ermənistan arasında davamlı sülhün inkişafında mühüm mərhələ olmaqla və regionun geosiyasi mənzərəsini yenidən formalaşdırmaqla yanaşı, həm də siyasi-hüquqi, iqtisadi-infrastruktur və geosiyasi müstəvilərdə aşağıdakı həssas məsələləri gündəmə gətirir:

- Ermənistan Konstitusiyasına düzəlişlər – Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarını əks etdirən müddəanın çıxarılması iki tərəf arasında sülhün və inkişafın hüquqi bazasının möhkəmləndirilməsi üçün mühüm mərhələdir. Lakin bu maddələrin çıxarılması daxili siyasi debatlarda gərginliyi artıra, müxalifətin müqavimətini gücləndirə və ictimai-siyasi qütbləşmə riskini yüksəldə bilər. Ona görə də siyasi iradənin davamlılığı bu prosesin uğurla başa çatması üçün həlledici amildir;

- Qeyri-müəyyən icra mexanizmləri və davamlı beynəlxalq dəstək – infrastruktur layihələrinin mürəkkəbliyi və prosesə müxtəlif maraqlı tərəflərin cəlb edilməsi səbəbindən TRIPP-nin uğurla həyata keçirilməsi üçün texniki və hüquqi standartlar, eləcə də maliyyə mexanizmləri mühüm əhəmiyyət kəsb edir. Buna görə də Vaşinqton və digər tərəfdaşların davamlı maliyyə, texniki və siyasi dəstəyi təkcə TRIPP və digər layihələrin reallaşması üçün deyil, həm də regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün əhəmiyyətli olacaqdır;

- Regional rəqabət və digər aktorların mövqeyi – İran və Rusiya kimi regional güclərin iqtisadi, siyasi, hərbi və diplomatik yollarla cərəyan edən proseslərə mümkün təsiri də nəzərə alınmalı və balanslaşdırılmış strategiya hazırlanmalıdır. Regionun reallıqlarını və geosiyasi mühiti nəzərə alsaq, bu aktorların mövqeyi sülh təşəbbüsü proseslərinə və istiqamətinə əhəmiyyətli təsir göstərə bilər.

Nəticə etibarilə, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşünün formalaşdırdığı yeni regional geosiyasi mənzərə real imkanlar təqdim edir. Lakin bu imkanların tam reallaşdırılması üçün mürəkkəb, çoxşaxəli çağırışların diqqətlə idarə olunması lazımdır. Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə, paraflanmış "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" və TRIPP layihəsi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra Cənubi Qafqazda əldə olunan ən mühüm diplomatik nailiyyətlərdən biri kimi qiymətləndirilməlidir. Bu hadisələr Azərbaycan və Ermənistan münasibətlərində yeni səhifə açaraq bütün regionun siyasi, iqtisadi və təhlükəsizlik mənzərəsinin yenidən qurulmasına yol açan strateji platformanın əsasını formalaşdırdı. Meydana çıxan bu siyasi-hüquqi konfiqurasiya regionda davamlı sülhün təmin edilməsi üçün suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadənin qadağan edilməsi kimi beynəlxalq hüquq prinsiplərinə əsaslanan institusional əsas yaradır, eyni zamanda incə və mürəkkəb strateji çağırışların peşəkar şəkildə idarə olunmasını tələb edir.

South Caucasus Peace Effort Gets Boost from Washington, TRIPP Project - Modern Diplomacy

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
4
baku.ws

10Mənbələr