EN

Sonrakı Prezident kim olacaq...

ain.az bildirir, Modern.az portalına istinadən.

Əlimdəki kitab bu ilin aprel ayında Moskvada çapdan çıxıb.

Təqdimatı da elə Rusiya paytaxtında erməni və rus alimlərinin, diplomat və siyasətçilərinin iştirakı ilə keçirilib.

Kitabı əldə etmək üçün düz 2 ay ağız açmadığım dost-tanış qalmadı. Məşhur bir həkim dostum yazdı ki, kitab qısa müddətdə satılıb, satış rekordları qırıb və alanlar da əsasən ermənilərdir. Nəhayət, başqa bir dostum təsadüfən mağazadakı sonuncu kitabı taparaq Bakıya göndərdi. İndi kitab artıq əlimdədir. Oxuyuram və qeydlər aparıram…

Müəllifləri Gevorq Minasyan və Anjela Simonyan olan kitabın adı “Hakan Fidan – Türkiyənin gələcək prezidentinin portretinə ştrixlər " («Хакан Фидан – штрихи к портрету возможного будущего президента Турции») adlanır.

Əgər Türk siyasətinin ən sirli və güçlü bir adamı haqda ermənilər yazıbsa, demək, əvvəlcə onların kim olmasına baxmaq lazımdır.

Kimdir bu iki müəllif?

Onların bu qarışıq zamanda Hakan Fidana göstərdikləri diqqəti nəyə borcluyuq?

Gevorq Minasyan və Anjela Simonyan müxtəlif mənbələrə əsaslanaraq Hakan Fidanın şəxsi və peşəkar həyat yolunu ələ alıblar. Onlar Fidanın türk siyasətindəki yerini, liderlik imkanlarını və xarici siyasətə təsirini analiz etməyə çalışırlar. Kitabda Fidanın həyat və xidmət yollarına, MİT (Milli Kəşfiyyat Təşkilatı) rəhbəri və Xarici İşlər naziri kimi onun bir növ gələcək prezident olma potensialını araşdırıblar.

G. Minasyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnikidir, uzun müddət müxtəlif əməliyyat tədbirlərinə rəhbərlik edib. O, MDB Antiterror Mərkəzində Ermənistanın səlahiyyətli nümayəndəsi olub. Türk dili də daxil olmaqla bir neçə xarici dil bilir.

A. Simonyan türkoloqdur, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsindən məzundur. Türkiyənin hərbi sənaye kompleksi sahəsində tədqiqatlarla məşğuldur (ehtimal ki, o da kəşfiyyatçıdır).

Dünya siyasətinə istiqamət verənlər Erdoğan sonrası dövrdə Türkiyəyə kimin liderlik edəcəyi haqda müxtəlif təxminlər irəli sürürlər. Kitabın müəllifləri də Hakan Fidanı Rəcəb Tayyib Erdoğanı əvəzləyəcək prezident kimi təqdim edirlər.

Bunun bir neçə səbəbi var:

–Fidanın iqtidar partiyası AKP-nin güvən verən azsaylı fiqurlardan biri olması;

–Onun xarici siyasətdə “milli strateji xətti” qoruyub saxlama bacarığı;

–Fidanın Qərb, Rusiya, Yaxın Şərq və Orta Asiya və arasında balans siyasətini davam etdirmə potensialı.

Hakan Fidanın adı Türkiyənin son onillikdəki ən mühüm siyasi fiqurlarından biri kimi çəkilir. Uzun illər ölkə kəşfiyyatına (MİT) rəhbərlik etmiş, hazırda isə Xarici İşlər naziri kimi ölkə xariciyyəsinin əsas istiqamətlərini müəyyənləşdirir. Onun siyasi üslubu kəskin ritorikadan çox, səssiz, amma planlı hərəkətlərə əsaslanır. Bu, ona “kölgədə işləyən strateq” imicini qazandırıb. Kəşfiyyat təcrübəsi Fidana beynəlxalq münasibətlərin pərdəarxası mexanizmlərini dərindən anlama imkanı verib.

Məxfi informasiya şəbəkəsi, real təhlükəni qiymətləndirmə bacarığı, davamlı əlaqələr sistemi onun üstün tərəfləridir. Erməni müəlliflərə görə Fidanın ictimaiyyətdə daha az tanınan sima olması onun çatışmazlığıdır.

Hakan Fidanın regional geosiyasətdəki rolü üstündə durulacaq xüsusdur. Onun Azərbaycana baxışı strateji ortaqlığa kəşfiyyatçı baxışıdır. Ancaq keçmiş kəşfiyyatçı iki strateji tərəfdaşlığı sırf diplomatik və ya siyasi münasibətlərdə görmür, o, məsələni strateji təhlükəsizlik və uzunmüddətli geosiyasi üstünlük kontekstində dəyərləndirir. Fidanın imzası xüsusən Qarabağ Zəfəri sonrası Azərbaycan-Türkiyə strateji ittifaqının möhkəmlənməsi və Afrika, Asiya bazarlarında Türkiyənin təsir dairəsinin genişlənməsi kimi proseslərdə görünür. O, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrə yalnız iqtisadi yox, həm də geosiyasi layihələr kimi baxır.

Fidana görə “bir millət, iki dövlət” prinsipi yalnızca şüar deyil, konkret fəaliyyət planıdır. MİT rəhbəri olduğu dövrdə Ankara-Bakı xəttində hərbi-siyasi koordinasiya ən yüksək səviyyəyə çatdı. Qarabağ müharibəsində kəşfiyyat və əməliyyat sinxronizasiyası bunun ən bariz nümunəsidir. Hakan Fidan Qarabağın azad olunmasını yalnız hərbi qələbə kimi deyil, Türkiyə-Azərbaycan regional üstünlüyünün strateji başlanğıcı kimi görür. Xarici İşlər nazirinin baxışına görə bu mərhələdə iki əsas hədəf var:

–Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin (Middle Corridor) tam güclə işə salınması;

–Ermənistanın bölgədəki destruktiv rolunu neytrallaşdırmaq üçün diplomatik və iqtisadi mexanizmlərin işlədilməsi.

Fidan yaxşı anlayır ki, Azərbaycan həm Rusiya, həm də Qərblə paralel işləyə bilən nadir oyunçulardandır. Ona görə də Bakının balans siyasəti Türkiyənin bölgədəki manevr imkanlarını genişləndirir. Bu baxımdan o, Azərbaycanı Türkiyənin Cənubi Qafqazdakı “dayaq nöqtəsi” hesab edir. Onun üçün Azərbaycan həm enerji təhlükəsizliyində, həm də qlobal ticarət marşrutlarında mühüm paya malikdir. TANAP, TAP, Bakı–Tbilisi–Qars xətti kimi layihələr onun gözündə yalnız iqtisadi deyil, həm də “geosiyasi təhlükəsizlik kəmərləri”dir.

Erməni müəlliflər üçün xüsusi maraq kəsb edən məsələ Fidanın siyasi gələcəyinə Azərbaycan prizmasından baxmaqdır. Bu prizmadan baxınca onun gələcəkdə prezident kürsüsünə oturması Bakı üçün belə perspektivlər vəd edir:

–Ankara-Bakı hərbi əməkdaşlığının daha da dərinləşməsi;

–Qarabağ Zəfərindən sonra regionun yenidən dizaynında Azərbaycan mövqelərinin tam dəstəklənməsi;

–Türk Dövlətləri Təşkilatının real siyasi ittifaq səviyyəsinə yüksəldilməsi.

Ancaq Fidanın kəşfiyyatdan gəlmiş olması Qərbdə fərqli reaksiyalar doğura bilər. Onun NATO daxilindəki əlaqələri çox güçlüdür. Bir çoxları Türkiyənin müstəqil xarici siyasətini məhz onun bu əlaqələrinə bağlayırlar. Bu isə prezident olacağı təqdirdə Ankaranın “tərəfsiz güc” statusunu daha da kəskinləşdirə bilər.

Hakan Fidan uzun illər “arxa planda” çalışan, amma nəticələri dünya gündəminə çıxan fiqur olub. İndi isə o, tədricən siyasət səhnəsinin ön sıralarına keçir. Prezidentlik ssenarisi reallaşsa Türkiyə böyük ehtimalla mövcud xarici siyasət kursunu qoruyacaq, lakin daxili siyasətdə daha texnokrat və soyuqqanlı bir idarəçilik modelini gerçəkləşdirəcək…

***

Rusiyalı və ermənipərəst çevrələrdə kitabın təqdimatı geniş rezonans doğurdu. Kitabın qısa müddət ərzində bestsellerə çevrilməsi bunu göstərir. Türkiyə mediasında bəzi uzmanlar bu nəşri daha çox Fidanın mövqelərini zəiflətmə təşəbbüsü olaraq görürlər.

Mən isə məsələyə Azərbaycan prizmasından baxmaq istəyirəm.

Zənnimcə, erməni müəlliflər Hakan Fidanı “hədəf” olaraq göstərməyə çalışıblar.

Əsas məqsədləri Türkiyə və Azərbaycan oxucusu ilə regionla maraqlanan beynəlxalq auditoriyada Fidanla bağlı müəyyən təsəvvür formalaşdırmaqdır.

Belə ki, Gevorq Minasyan və Anjela Simonyan Azərbaycana dolayı yolla zərbə vurmaq istəmişlər: Hakan Fidanın Türkiyənin gələcək prezidenti kimi mövqeyini zəiflətmək, yəni Ankara-Bakı tandemini sarsıtmaqdır. Çünki belə bir tandem Ermənistanın siyasi və təhlükəsizlik strategiyalarına ən böyük təhdid ola bilər.

Müəlliflər ictimai rəylə manipulyasiya etməyə çalışıblar:

Kitabda Fidanın xarakterinə dair müxtəlif “çalarlar” qabardılaraq həm Türkiyə daxilində, həm də region ölkələrində şübhə toxumları səpiblər…Qarabağı yenidən gündəmə gətirmək, Hakan Fidanın 44 günlük müharibədə oynadığı rolu önə çıxarmaq, Ermənistan ictimaiyyətində onu “fəlakətin memarı” kimi təqdim etmək.

Azərbaycan üçün kitabın nəşri həm də bir xəbərdarlıqdır…

Zənnimcə, regiondakı ən yaxın müttəfiqimizə qarşı aparılan hər hansı informasiya kampaniyası dolayısı ilə bizə qarşı yönəlmiş hesab edilməlidir.

Kitab bir daha göstərir ki, Ermənistan yalnız hərbi və diplomatik cəbhədə deyil, informasiya və ideoloji müstəvidə də aktivdir. Ermənilər Hakan Fidan kimi Ankara-Bakı strateji xəttinin memarlarından birini hədəfə almaqla regiondakı qüvvələr balansına təsir göstərməyə çalışırlar. Bu baxımdan, Azərbaycan mediası, akademik çevrələri və ekspert dairələri üçün belə kitablar həm təhlil obyekti, həm də kontr-narrativ formalaşdırma imkanıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
2
modern.az

3Sources