EN

Sınıqçı İbrahim dayı: “Bilək və əlin çıxdığını toxunan kimi hiss edirəm”

 “Təmənnasız işləyirəm, pulu olan verir, pulu olmayana ancaq cansağlığı dilərəm”

“Atam, bacım və qardaşım məndən əvvəl bu sənəti bilirdi, mən də onlardan öyrənmişəm. Atamın yanında ona baxaraq bu sənəti mənimsəmişəm. Həm də hisslərim çox güclüdür”

“Uşaqlarla işləmək rahatdır, onlara çox güc sərf olunmur. Onlarla ünsiyyət qurub, dilə tuturam ki, ağrısız olsun. Böyüklərlə isə bəzən "kapriz"lərinə rast gəlirəm, amma işimi yarımçıq qoymuram”

Azərbaycanda rəsmi tibbi xidmətin inkişafına baxmayaraq, xüsusilə kənd və ucqar bölgələrdə ənənəvi sınıqçılıq sənəti hələ də yaşayır. Bu qədim sənət əsrlərdir ki, nəsildən-nəsilə ötürülərək insanların sümüklərinin yerinə salınması və ağrıların aradan qaldırılması məqsədilə istifadə olunur. Son illərdə şəhərlərdə də sınıqçılara müraciətlər olsa da, ölkədə bu sahədə aparılmış elmi tədqiqatların sayı məhduddur. 

Buna görə də, Azərbaycandakı vəziyyəti daha yaxşı anlamaq üçün digər ölkələrdə aparılmış araşdırmalara baxmaq faydalıdır. Xarici ölkələrdə aparılmış sınıqçılıqla bağlı əsas araşdırmalar: Türkiyədə aparılan tədqiqat göstərir ki, sınıqçılara müraciət edənlərin təxminən 29,3 faizi ənənəvi müalicəni seçir, lakin 54,8 faizdə yanlış müalicə ciddi sağlamlıq problemlərinə səbəb olur. Sosial-mədəni amillər sınıqçılığın davam etməsində əsas rol oynayır. Nigeriyada respondentlərin 79,3 faizi sınıqçıları tanıyır, 32,4 faizi isə gələcəkdə də onlara müraciət etməyi planlaşdırır. Sınıqçıların əlçatanlığı və ucuzluğu ən əsas səbəblərdən biridir. Qanada insanlar xəstəxanaya müraciət etsələr də, müalicənin effektiv olmaması səbəbindən sınıqçılara yönəlirlər. Sınıqçılar ənənəvi vasitələrdən istifadə edir və xəstələr buna inanırlar. Hindistanda kənd yerlərində sınıqçılar həkimlərdən daha çox etibar qazanıb. Bu, əsasən iqtisadi səbəblərlə bağlıdır, lakin yanlış müalicə hallarının əlillik riskini artırdığı qeyd edilir. 

Uzun illərdən bəri qədim təbabət üsullarını öyrənməklə məşğul olan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Fəzail Vəliyev deyib ki, sınıqçılıq sənəti atadan oğula, oğuldan nəvəyə ötürülən, uzun illər təcrübə ilə öyrənilən ənənəvi müalicə üsuludur: 

“Təcrübəli ustadlar şagirdləri illərlə yanlarında saxlayar, bacarıqlarını sınaqdan keçirərdilər. Sınaqlardan biri kimi şüşə və saxsı qablar kisədə sındırılar, şagird isə baxmadan onları əvvəlki halına gətirməli olardı”.

Onun sözlərinə görə, sınıqçılıqda əsas məharət sınığın yerini müəyyən edib sümüyü əllə düzəltmək, parça üzərinə bal, un, ağac yapışqanı, yumurta sarısı, duz, zəy və saqqızdan hazırlanan məhlulu çəkərək sınıq nahiyəni sarımaq idi: 

“Sümük əyri bitəndə onu yumşaldıcı məlhəmlə sındırıb yenidən birləşdirirdilər. Sağalmanı sürətləndirmək üçün xəstəyə xaş, kəlləpaça suyu verilir, nar ağacı kökü və əzvaydan təpitmə qoyulurdu”. 

İndi gəlin, Azərbaycan ənənəsində bu sənəti yaşadan sınıqçı İbrahim dayının zəngin təcrübəsinə nəzər salaq. İlyasov İbrahim 83 yaşındadır. O, 65 ildir ki, sınıqçı sənəti ilə məşğuldur. İbrahim bəy deyir ki, sınıqçılıq onlarda irsidir: 

“Atam, bacım və qardaşım məndən əvvəl bu sənəti bilirdi, mən də onlardan öyrənmişəm. Atamın yanında ona baxaraq bu sənəti mənimsəmişəm. Həm də hisslərim çox güclüdür - baxanda çıxıq olub-olmadığını və necə etmək lazım olduğunu hiss etmişəm”. 

İbrahim dayıdan soruşdum ki, sınıqçılığı ilk dəfə necə təcrübə edib, yəni bu işi ilk kimin üzərində sınayıb? O, bu haqda bunları söylədi: 

“Xırmanda qardaşımla güləşirdik. Güləş zamanı qolum çıxdı və mən qardaşıma necə etməli olduğunu izah etdim, öz qolumu da ona uyğun vəziyyətdə saxladım. Nəticə uğurlu oldu. Belə deyim, bu sahədə heç bir qorxum yoxdur. Bu işi etməkdə məqsədim insanlara kömək etməkdir. İnsanların ağrısının, acısının azalmasını, hətta yoxa çıxmasını istəyirəm. Çünki bu dünyada yaxşılıq etmək ancaq insan işidir”. 

İbrahim dayının bu sözləri həm sənətə, həm də insanlığa verdiyi dəyəri çox gözəl əks etdirir. O, həmçinin əvvəlki və indiki sınıqçılar arasındakı fərqdən danışdı. Dedi ki, əvvəllər sınıqçılar bu işi təmənnasız edirdilər, heç bir maddiyyat almırdılar. İndiki sınıqçılar insanlardan pul alırlar, bəzən hətta böyük məbləğdə pul götürürlər. “Mən fərqi burada görürəm,” - deyə əlavə etdi. 

İbrahim dayı Laçın rayonunun Mirik kəndindəndir, lakin hazırda Bakıda yaşayır və işiylə burada məşğuldur. Ona növbəti sualımız belə oldu: 

“Niyə insanlar sınıq və çıxıq olduqda birbaşa xəstəxanaya getməkdənsə, sınıqçıya gəlirlər?”. İbrahim bəyin cavabı belə oldu: “Xəstələr görmüşəm ki, birbaşa xəstəxanaya gediblər, amma çıxıq bərpa olunmayıb. Həkimlərin 90 faizi çıxığı bilmir. Xəstəxanadan mənim yanıma gələn pasiyentlərin gipsini mən qoymuşam. Eyni zamanda qeyd edim ki, bilək və əl çıxığını toxunan kimi hiss edirəm. Yanıma uşaq, qadın, hətta Laçın xəstəxanasından pasiyentlər də gəlir. Uşaqlarla işləmək rahatdır, onlara çox güc sərf olunmur. Onlarla ünsiyyət qurub, dilə tuturam ki, ağrısız olsun. Böyüklərlə işləyərkən bəzən "kapriz"lərinə rast gəlirəm, amma işimi yarımçıq qoymuram. Çünki davamlı ağrı çəkməkdənsə, bir az dözümlü olub ağrısız vəziyyətə gəlmək daha yaxşıdır. Bu işi sadəcə sənət xatirinə görmürəm. Təmənnasız işləyirəm: pulu olan verir, pulu olmayan isə vermir. Kimin könlü necə istəyirsə, o şəkildə qəbul edirəm. İstəyirəm ki, insanların sınıqları və çıxıqları qalmasın”.

İlahə Həbib

Chosen
5
1
sherg.az

2Sources