EN

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

Bakı, 14 avqust, AZƏRTAC

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2025/2026-cı tədris ili üçün də kollecdə müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan orqanizmin funksiyalarının 81-100 və 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (1-ci və 2-ci dərəcəli gözdən əlil) müəyyən edilmiş abituriyentlər aşağıda göstərilən sənədləri avqustun 15-dən 25-dək (saat 17:00-dək) Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:

-Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

-Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

-“Abituriyentin elektron ərizəsi”.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50 dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul ilə bir yerdə aparılacaq.

Chosen
68
3
azertag.az

4Sources