EN

Milli Məclis rektorların seçilmə qaydalarını dəyişdirəcək - necə idi, necə olacaq...


Cavanşir Əliyev: “Rektorların akademik heyət tərəfindən seçilməsi universitetlərin inkişafı üçün daha məqbul sayılır”

Azərbaycan Milli Məclisinin qarşıdan gələn növbəti sessiyasında gündəmdə olacaq mühüm qanun layihələrindən biri “Ali təhsil haqqında” sənəddir. Layihədə universitetlərin muxtariyyətinin artırılması, həmçinin rektorların təyinat və seçilmə mexanizmlərinin dəyişdirilməsi nəzərdə tutulur.

Qeyd edildiyi kimi, yeni sənəddə rektorların seçim məsələsi yer alacaq. Maraqlıdır, hazırda rektorların seçim mexanizmi necədir və gələcəkdə necə olması məqbul sayılır?

“Rektorların seçilməsi universitetlərdə şəffaflıq və hesabatlılığın artmasına şərait yaradar”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, "Ali təhsil haqqında" Qanun qəbul edilərsə, Azərbaycanda ali təhsilin təhsil formalarından distant təhsil rəsmiləşəcək: “Bu da bir çoxlarının marağına uyğun deyil. Buna görə də qanunun qəbul olunması gecikir. “Ali təhsil haqqında” yeni qanun layihəsində universitetlərə muxtariyyətin verilməsi və rektorların seçilmə – təyinat mexanizminin dəyişdirilməsi Azərbaycanın ali təhsil sistemində mühüm dönüş nöqtəsi sayıla bilər. Rektorların seçilməsi universitetlərdə şəffaflıq və hesabatlılığı artıra, siyasi təsirlərdən uzaq rəhbərliyin formalaşmasına şərait yarada bilər. Dəyişikliklər düzgün hüquqi çərçivədə, şəffaf və mərhələli şəkildə həyata keçirilərsə, ölkədə ali təhsil müəssisələri arasında rəqabət artar, innovasiya sürətlənər və daha çevik idarəetmə mexanizmi formalaşar. Ümumiyyətlə, rektorların akademik heyət tərəfindən seçilməsi universitetlərin inkişafı üçün daha məqbul sayılır. Akademik heyət müəyyən sayda namizədi seçəcək, həmin şəxslər Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və Prezident də onlar arasından birini rektor vəzifəsinə təyin edəcək. Bu qayda universitetlərin daha dinamik inkişafına, idarəetmədə şəffaflığın artmasına və akademik mühitin möhkəmlənməsinə səbəb ola bilər”.

Ekspert hesab edir ki, qanunun qəbulunun gecikməsi mənfi təsirlərə səbəb olur. Universitetlər qlobal standartlara uyğunlaşmaqda çətinlik çəkir, məzunların işlə təmin olunma göstəriciləri aşağı düşür, tədqiqat və innovasiya fəaliyyəti isə inkişaf etmir. Bu vəziyyət həm milli iqtisadiyyata, həm də gənclərin gələcək perspektivlərinə mənfi təsir edir. Qanunun qəbulu bu problemlərin həlli üçün vacib bir addımdır. Təhsil ictimaiyyəti bu qanunun qəbulunu səbrsizliklə gözləyir və prosesin sürətləndirilməsi üçün geniş ictimai müzakirələrin aparılması vacibdir: “Ali təhsil haqqında” qanunun qəbul edilməsi ali təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, rəqabət qabiliyyətini artırmaq və gənclər üçün daha geniş imkanlar yaratmaq üçün əsas şərtdir. Bu qanunun təkcə ali təhsil müəssisələrinə deyil, bütün cəmiyyətə uzunmüddətli müsbət təsir göstərəcəyi aydındır. Gecikmə artıq qəbulolunmaz bir vəziyyətə çevrilib və bu məsələnin həlli Azərbaycan təhsil sisteminin gələcəyi üçün strateji əhəmiyyət daşıyır".

Günel CƏLİLOVA

Chosen
17
baki-xeber.com

1Sources