12 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Qarabağ Dirçəliş Fondu olaraq bildiririk ki, bu dəyişiklik Müşahidə Şurasının üzvlərinin tərkibinin dəyişdirilməsi ilə bağlı yox, adıçəkilən üzvlərin vəzifə adlarının yenilənməsi ilə bağlıdır.
Xatırladaq ki, 5 fevral 2025-ci il tarixli Prezident sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Həmçinin, Tural Gəncəliyevin rəhbərlik etdiyi “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi 2021-ci ilin aprel ayında fəaliyyətini dayandırıb.
Prezidentin son Sərəncamında məhz bu dəyişikliklər nəzərə alınaraq, Müşahidə Şurası üzvlərinin vəzifə adlarında müvafiq düzəlişlər edilib. Həm Muxtar Babayev, həm də Tural Gəncəliyev əvvəlki kimi Müşahidə Şurasının üzvləri olaraq fəaliyyətlərini davam etdirirlər.