EN

Zəngəzur dəhlizinə münasibətdə İran hakimiyyətində iki qanadı kimlər təmsil edir...


Tehran hakimiyyəti vasitəçi qüvvələrdən istifadə edərək, regiondakı iranpərəst qruplar və yerli siyasi partiyalar vasitəsilə layihəni daxildən zəiflətməyə cəhd göstərə bilər

İranda bəzi Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkədə Zəngəzur dəhlizi (Tramp dəhlizi) çox qəribə şəkildə təqdim olunur və İranın şimal sərhədlərini itirməsi kimi qiymətləndirilir.

Bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani 12 avqust 2025-ci ildə Tehranda keçirilən mətbuat konfransında deyib.

Mohacerani qeyd edib ki, əlbəttə, İran heç vaxt qonşu ölkələrə əcnəbi qüvvələrin gəlməsinə sevinmir. Məsələlər diqqətli şəkildə izlənilməkdədir. Regionun özünün öz sabitliyini yaratması daha yaxşı seçim hesab olunur.

İran hakimiyyətində sanki Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı 2 qanad var. Bunlardan bir prezident Pezeşkianın müdafiə etdiyi hökumət qolu, digəri isə ali dini liderin qoludur.

İranın ali dini lideri Ayətullah Xamneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti 2025-ci ilin avqust ayı ərzində ABŞ tərəfindən təşviq edilən Zəngəzur dəhlizinə (Tramp dəhlizi) qarşı açıq və ciddi mövqe nümayiş etdirib.

Vilayəti bildirib ki, bu dəhliz İranın “Şimali Qafqaz”la əlaqəsini kəsə bilər, regional geosiyasəti dəyişdirər və Ermənistanın dağılmasına gətirib çıxara bilər.

Zəngəzur dəhlizinin (Tramp dəhlizi)

ABŞ-a 99 illik icarə verilməsi planını kəskin tənqid edən Vilayəti deyib ki, bu dəhliz Trampa və onun "kadrlarına" xidmət etməyəcək, əksinə,onların sonu olacaq.

Yəni İranın ali dini liderə yaxın olan qüvvələr, o cümlədən media təbliğat aparır ki, biz buna imkan verməyəcəyik, silahlı qarşıdurmaya belə gedəcəyik. Bu fikir ayrılıqlarının sonu necə bitə, İran bu dəhlizin açımasına necə mane ola bilər?

Baki-xeber.com-a görə, İran daxilində Zəngəzur dəhlizi (Tramp dəhlizi) ilə bağlı yaranan fikir ayrılığı əslində sadəcə infrastruktur məsələsi deyil, həm də geosiyasi xətlərin toqquşmasıdır. Burada üç əsas xətt görünür.

Birincisi, prezident Pezeşkianın müdafiə etdiyi hökumət qanadı - bu qrup ABŞ-la müəyyən praqmatik əməkdaşlıqdan çəkinməyən, Qərb sanksiyalarından çıxış üçün iqtisadi və diplomatik kanalları genişləndirməyə çalışan qüvvələrdir. Onlar Zəngəzur dəhlizinin (Tramp dəhlizi) tranzit imkanlarını və regional ticarət artımını vurğulaya bilərlər.

İkincisi, ali dini lider və ona yaxın mühafizəkar qanaddır. Burada Əli Əkbər Vilayətinin çıxışı tipik nümunədir. Onlar dəhlizi ABŞ-ın Cənubi Qafqazda hərbi-siyasi möhkəmlənməsi kimi qiymətləndirirlər və İranın şimal sərhədində strateji boşluq yaranacağından narahatdırlar.

Üçüncüsü, ictimai-siyasi təsir alətləri təzahür edir. Dövlətə bağlı media və bəzi yarımrəsmi KİV-lər dəhlizi “sərhəd itkisi” və “xarici hərbi mövcudluq” kimi təqdim etməklə, cəmiyyətin mühafizəkar hissəsini hərəkətə gətirməyə çalışırlar.

İran bu dəhlizin açılmasına necə mane ola bilər?

Bu baxımdan İranın arsenalında bir neçə vasitə var. Bunlardan biri diplomatik təzyiq ola bilər. Ermənistan və Azərbaycanla ikitərəfli danışıqlarda, həmçinin Rusiya və regional təşkilatlar (ŞƏT, AİƏT) vasitəsilə prosesin qarşısını almağa cəhd göstərə bilər.

İnformasiya müharibəsindən aktiv istifadə İranın işinə yaraya bilər. Regionda və beynəlxalq mediada dəhlizin açılmasını “ABŞ-ın hərbi planı” kimi təqdim edilm edə bilər.

Eyni zamanda, iqtisadi və tranzit alternativlərdən istifadə edilə bilər. Ermənistan və Gürcüstan üzərindən öz layihələrini təklif edərək dəhlizin əhəmiyyətini azaltmaq imkanları ola bilər. Amma bu o qədər də effektiv təsirə malik ola bilməz. Çünki İranın Ermənistan və Gürcüstan üzərindən heç bir nəqliyyat dəhlizi ciddi səmərəyə malik deyil.

İran dolayı təhlükəsizlik tədbirləri, yəni Ermənistan sərhədi yaxınlığında hərbi təlimlər, sərhəd-keçid infrastrukturunu gücləndirmək və “təhlükə mesajı” verməyə cəhd göstərə bilər.

Tehran hakimiyyəti vasitəçi qüvvələrdən istifadə edərək, regiondakı iranpərəst qruplar və yerli siyasi partiyalar vasitəsilə layihəni daxildən zəiflətməyə cəhd göstərə bilər.

Fikir ayrılıqlarının nəticəsinə gəldikdə isə, əgər hökumət xətti qalib gələrsə, İran bəlkə də dəhlizə tam qarşı çıxmayacaq, amma ABŞ hərbi mövcudluğunu açıq şəkildə qəbul etməyəcək; güzəştlər və “mülki nəqliyyat” formatı önə çəkiləcək.

Əgər dini lider xətti qalib gələrsə, Tehran ya dəhlizin qarşısını tam alacaq, ya da onun formatını dəyişdirərək ABŞ-ın iştirakını bloklayacaq. Hətta regionda gərginlik və lokal toqquşma risqi yarana bilər.

Məsələn, Orta Dəhliz açılar, amma ABŞ-ın 99 illik icarə planı reallaşmaz, əvəzində daha çox beynəlxalq nəzarət mexanizmi tətbiq olunar.

Təxminlərimizə görə, İranın “silahlı qarşıdurma” ritorikası real hərəkət planından çox psixoloji təzyiq məqsədi daşıyır. Çünki Tehran bu məsələni Moskva ilə koordinasiyalı şəkildə həll etməyə çalışacaq, birbaşa müharibə isə onun üçün son seçimdir və bu, İranın sonuna yol aça bilər.

Akif NƏSİRLİ

Chosen
38
50
baki-xeber.com

10Sources