AZ

Göytəpə Neolit yaşayış məskəninə tur təşkil olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tovuz, 18 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu Tovuz rayonundakı Göytəpə yaşayış abidəsində arxeoloji qazıntıları davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər bu abidə bölgədə yerləşən qoruqların əməkdaşları - elmi işçilər, turizm üzrə bələdçilər və ekskursiyaçılar, elmi-tədqiqat institutları, ali məktəblərin nümayəndələri və tələbələri, həmçinin mədəniyyət qurumlarının əməkdaşları tərəfindən mütəmadi şəkildə ziyarət olunur. Səfərlərin təşkilində əsas məqsəd Azərbaycanın qədim tarixi irsinin öyrənilməsi, arxeoloji qazıntıların yerində izlənilməsi, elmi əməkdaşlığın gücləndirilməsi və abidənin ictimaiyyətə daha geniş şəkildə tanıdılmasıdır. Bu nqsədlə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Keşikçidağ” və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşları, Bakı Dövlət Universitetinin arxeologiya ixtisası üzrə magistrantları və ADA Universitetinin magistrantları Göytəpə Neolit yaşayış məskənində olublar. İştirakçılar abidədə aparılan qazıntı və konservasiya işləri ilə yaxından tanış olub, arxeoloqlarla fikir mübadiləsi aparıblar.

Ekskursiya zamanı mütəxəssislər qeyd ediblər ki, Göytəpə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, Neolit dövrünə aid mühüm arxeoloji kompleksdir. Burada aparılan sistemli qazıntılar nəticəsində qədim insanların məişətinə, əmək alətlərinə, təsərrüfat həyatına, erkən əkinçilik və maldarlıq ənənələrinə dair zəngin materiallar əldə olunub. Tədqiqatlar göstərir ki, bu ərazi təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyasının öyrənilməsi baxımından mühüm elmi mənbədir. Səfər iştirakçılarına bildirilib ki, Göytəpə abidəsi həm də qədim məişət təsərrüfatı nümunələrinin, ilkin yaşayış evlərinin və təsərrüfat tikililərinin öyrənilməsi üçün nadir materiallar təqdim edir. Buradan tapılan maddi-mədəniyyət nümunələri Azərbaycanın qədim tarixi-mədəni ənənələrinin köklərinin minilliklər əvvələ gedib çıxdığını sübut edir.

Qoruq əməkdaşları ilə arxeoloqlar arasında keçirilən görüşdə abidənin qorunması, onun ictimaiyyətə tanıdılması və gələcəkdə beynəlxalq əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Bildirilib ki, Göytəpəyə təşkil edilən belə elmi-maarifləndirici turlar gənc nəsildə milli-mədəni irsə marağın artırılmasına, onların biliklərinin zənginləşdirilməsinə və Azərbaycanın qədim tarixi haqqında daha dolğun təsəvvür formalaşdırılmasına mühüm töhfə verir. Tur iştirakçıları, həmçinin Göytəpənin turizm potensialı ilə də tanış olublar. Vurğulanıb ki, gələcəkdə abidənin geniş turizm marşrutlarına daxil edilməsi ölkəmizin qədim tarixinin beynəlxalq aləmdə təbliğinə xidmət edəcək.

Qeyd edək ki, Göytəpə arxeoloji kompleksi dövlət əhəmiyyətli abidə kimi qeydə alınıb və mühafizə olunur. Burada aparılan arxeoloji qazıntıların nəticələri ölkəmizin qədim mədəniyyət tarixinin öyrənilməsinə, onun dünya elmi ictimaiyyətinə tanıdılmasına mühüm elmi töhfələr verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
14
azertag.az

10Mənbələr