Donald Tramp: Qvardiya paytaxtda asayişin bərpasına kömək edəcək...
Poliqon xəbər verir ki, ABŞ Milli Qvardiyasının hərbçiləri Vaşinqtona göndərilib və sentyabrın sonuna qədər orada qalacaqlar. NBC telekanalının məlumatına görə, tam hərbi geyimdə olan qvardiyaçılar Kapitoli binasının şərqində yerləşən Kolumbiya dairəsi Milli Qvardiyasının qərargahına doğru hərəkət edirlər. Hərbçilərə missiyanın 25 sentyabra qədər davam edəcəyi bildirilib.
Bir gün əvvəl Pentaqon Vaşinqtona cinayətkarlıqla mübarizə məqsədilə təxminən 800 nəfər milli qvardiyaçını göndərmişdi. Onların vəzifələrinə inzibati və logistika funksiyaları, eləcə də hüquq-mühafizə orqanlarına yardım daxildir.
ABŞ prezidenti Donald Tramp, Milli Qvardiyanın Vaşinqtona “asayişin bərpasına kömək üçün” göndərildiyini açıqlayıb. O, bu məqsədlə Vaşinqton polisinin birbaşa federal hökumətin idarəsinə verildiyini də bildirib.
Vaşinqton meri Müril Bouzer isə ABŞ liderinin qərarını narahatedici və presedentsiz adlandırıb.
Daha əvvəl Tramp, paytaxt küçələrini təhlükəsiz və gözəl etməyə çalışacağını demişdi.
Poliqon.info