EN

"Qarabağ"ın prezidenti: “Hələ də imkanımız yoxdur” - MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın prezidenti Tahir Gözəl evdə Şimali Makedoniya "Şkendiya"sına 5:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

- "Qarabağ" tarixində dördüncü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Təəssüratlarınız necədir?

- Rəqib komanda bizə qarşı Skopyedə çox gözəl oynamış, çətin anlar yaşatmışdı. Səfərdə qələbə qazanmağımızda müdafiə xəttimiz çox önəmli rol oynamışdı. Bu gün isə məni ən çox sevindirən o oldu ki, yeni oyunçularımızın hamısını iş başında gördük. Onların arasında Azərbaycan futbolunun gələcək ulduzlarından Hikmət Cəbrayılzadəni də gördükdə xeyli məmnun oldum. Əlbəttə, bunu gözləmirdim. Hesab edirəm ki, bu gün Vətəndə, öz azarkeşlərimiz qarşısında oynamağın fərqini də göstərdik. Futbolçularımız meydana fərqli ab-havada çıxmışdılar. Məncə, bundan Azərbaycan qazandı. Biz də belə bir dəstək sayəsində xalqımıza qələbə sevinci bəxş etdik.

- Razısınızmı ki, rəqib sanki ilk qolu vurmaqla, "Qarabağ"ın əsəbi ilə oynadı...

- Bəli, eynilə elə oldu. Ən önəmlisi odur ki, o qoldan sonra azarkeşlərin "Qarabağ"a dəstəklərini eşitdinizmi? Böyük dəstək verərək, komandamızı ruhlandırdılar. Beləliklə, gözəl bir nəticə ilə istəyimizə çatdıq.

- Çempionlar Liqasının pley-off mərhələsində hansı rəqibi görmək istərdiniz?

- Məncə, Macarıstan "Ferentvaroş"u ciddi rəqibdir, dövlətdən və nüfuzlu insanlardan xüsusi dəstək görür, çox özəl yeri var, büdcə və imkanları genişdir. Amma biz də etdiyimiz gözəl transferlər və ən böyük dəyərlərimizdən olan sabit çıxışımızla seçilirik. Ötən illərdə qazandığımız və itirdiyimiz bizə təcrübə kimi miras qalıb. Baş məşqçimiz, heyətimiz, futbolçularımız eynidir. Bu "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız 2017/2018 mövsümündəki "Qarabağ" deyil. Avropada çox böyük təcrübəyə malik komandamız var. İnanıram ki, rəqib qarşısına belə bir üstün keyfiyyətlərə malik komanda çıxacaq. Əsas mərhələyə tarixdə heç vaxt indiki qədər yaxınlaşmamışıq. Komandamızın bunun fərqində olduğunu və arzularımıza çatacağımızı güman edirəm. Əminəm ki, "Liverpul"u, PSJ-ni Bakıda qəbul edəcəyik və futbol təntənəsi yaşayacağıq.

- Bu gün "Qarabağ"ın qollarını fərqli-fərqli futbolçular vurdular...

- Tam razıyam. Çünki müdafiə, yarımmüdafiə xətti işləyir. Əslində doğru insan gəlsə, çox böyük fərq yarada bilər. Hətta çatdıra bilsək, nəhənglərlə də müvəffəqiyyətlə mübarizə aparmağa gücümüz çatacaq.

- Portuqaliya mətbuatı Andre Klovisin "Qarabağ"la müqavilə bağlayacağını yazır. Bu barədə nə deyə bilərsiniz?

- Məlumatım yoxdur. Qurban Qurbanova ünvanlanmalı sualdır (gülür - red.)

- Hikmət Cəbrayılzadənin oyunu sizi nə dərəcədə qane etdi və gələcəkdə daha yaxşı çıxış edə bilərmi?

- Əlbəttə, bu gün ilk addımını atdı. Hikmətin həm fiziki hazırlığı, həm əxlaqı, həm də istedadı var. Bunu mən də, texniki heyətimiz də vurğulayırıq. Gizlətmirəm, ona çox böyük ümidlərim var. Bəlkə də Azərbaycanda 10 ildə, 15 ildə bir dəfə doğulan istedadlardandır. Bu istedadın özünü nə dərəcədə doğruldacağını zaman və Hikmət göstərməlidir. Nizam-intizama, "Qarabağ"a lazım olan şücaətə malikdir. Bircə özünü tam gücü ilə göstərməsi qalır.

- "Qarabağ"da ən azı ikinci Nəriman Axundzadənin yetişdiyini deyə bilərik?

- Güman edirəm ki, elə bir səviyyədə, hətta tarixə düşəcək oyunçu da ola bilər.

- "Qarabağ" Futbol Akademiyasının yetirmələrinə üstünlük verəcəyinizi demişdiniz. Bunu görməyə başladığınızı söyləyə bilərsiniz?

- Mən akademiyamıza qoyulan investisiyadan hələ də razı deyiləm. Hikmətlərin çıxması o demək deyil ki, rəhbərlik olaraq, yaxşı iş görmüşük. Texniki heyətimiz, akademiyamızın baş məşqçisi Aftandil Hacıyev əla işləyir. Amma klub olaraq, onlar üçün hələ heç nə etməmişik. Hələ də imkanımız yoxdur, yer tapa bilməmişik. Bu baxımdan, özümü çox da müsbət qiymətləndirmirəm, hələ də zəifəm.

Chosen
43
1
sportinfo.az

5Sources