EN

"Kristal Pelas" CAS və UEFA-nı kəskin tənqid etdi

İngiltərənin “Kristal Pelas”  klubu Avropa Liqasına qatılmaq hüququndan məhrum edilməsindən sonra həm UEFA, həm də İdman Arbitraj Məhkəməsini (CAS) sərt şəkildə tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“İngiltərə Kubokundakı tarixi qələbəmizdən sonra bu uğuru Avropa Liqasında davam etdirmək haqqımız idi. Lakin bizdən bu fürsət alındı. Qayda və sanksiyaların qeyri-bərabər və seçmə şəkildə tətbiqi futbolun ədalət prinsipini zədələyir. Bəzi klublar və şəxslər isə görünür ki, xüsusi imtiyazlardan yararlanır.”

Klub UEFA və CAS-ın prosedurlarını da ədalətsiz adlandırıb:

“Əlaqədar tərəflər arasındakı yazışmaların açıqlanmasından imtina edilməsi, şahid ifadələrinin qəbul edilməməsi və hüquqi prosedur qaydalarına hörmət göstərilməməsi nəticəsində qərarların əvvəlcədən müəyyənləşdirildiyi hissi yaranır.”

London təmsilçisi bu qərarın futbol idarəçiliyinə mənfi təsir göstərdiyini vurğulayıb və UEFA-nı daha şəffaf, bərabər və ardıcıl qaydalar tətbiq etməyə çağırıb:

“Bu, futbol üçün dönüş nöqtəsi olmalıdır. Qaydalar açıq şəkildə izah edilməli, bütün klublara bərabər tətbiq olunmalı və apellyasiya mexanizmi ədalətli olmalıdır.”

“Kristal Pelas” hüquqi addımlar atmağı nəzərdən keçirdiyini, lakin qarşıdan gələn mövsümdə Konfrans Liqasında eyni əzmlə mübarizə aparacağını da bəyan edib.

Qeyd edək ki, London klubu İngiltərə Kubokunu qazanaraq Avropa Liqasına vəsiqə qazanmışdı. Lakin klubun əsas səhmdarı Con Tekstor Fransanın “Lion” klubunda da nəzarət paketinə sahibdir. “Lion” da eyni turnirə vəsiqə qazandığından, UEFA-nın çoxklublu sahibliyə dair qaydaları səbəbindən “Kristal Pelas”ın iştirakı məhdudlaşdırıldı. CAS isə UEFA-nın qərarını təsdiqləyərək “Lion”un turnirdə iştirakını rəsmiləşdirdi.

Chosen
19
90deqiqe.az

1Sources