EN

Dendrologiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur iqtisadi bölgəsində ekspedisiyada olublar

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur iqtisadi bölgəsində - Zəngilan, Qubadlı rayonlarında elmi ezamiyyədə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın məqsədi Zəngilan və Qubadlı rayonlarının torpaq, su, bitki örtüyü göstəricilərinin kompleks tədqiqinin həyata keçirilməsi, meşə ekosistemlərinin fitosanitar vəziyyətinin təhlil edilməsi, tədqiqat ərazisinin dendroflorasına iqlim dəyişkənliyinin təsirinin öyrənilməsi, dendroloji mühitin bioekoloji xüsusiyyətləri və taksonomik tərkibinin araşdırılması olub.

Ekspedisiya zamanı dendrofloranın müasir vəziyyətinə və taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsirini öyrənməklə, ərazidə yayılan oduncaqlı bitkilərinin bioekoloji xüsusiyyətlərinin tədqiqi, təbii ehtiyatlarının azalması səbəbləri üzrə qismən müşahidələr aparılıb. Bitkilərin yayılma arealları, onların yaratdığı bitki formasiyalarının müəyyən edilməsi, antropogen və əlverişsiz iqlim amillərinin meşə fonduna təsiri müqayisəli təhlil edilərək, təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyəti, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslərə iqlim dəyişkənliyinin təsiri üzrə elmi tədqiqat işləri aparılıb.

Dendrologiya İnstitutunun alim və mütəxəssisləri Zəngilan rayonu Rəzdərə kəndinin yaxınlığında, Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində dəniz səviyyəsindən 600-800 metr yüksəklikdə, antropogen mənşəli və qlobal iqlim dəyişkənliyi nəticəsində təbii floranın ayrı-ayrı növlərinin fizioloji xüsusiyyətlərini araşdıraraq, inkişaf mərhələlərini tədqiq ediblər və onlara təsir edən mühit amillərinin parametrləri haqqında məlumat toplayıblar.

Meşə sahəsində işıqlanma dərəcəsi, rütubət, temperatur, uçucu maddələr, aldehidlər və karbon qazının miqdarı xüsusi cihazlar vasitəsilə ölçülərək, havada karbon qazının, formaldehidin, uçucu üzvi birləşmələrin miqdarı, işıq intensivliyi, havanın nisbi rütubəti, torpağın pH dəyəri və torpağın nəmliyi kimi parametrlər təhlil edilib.

Monitorinq zamanı ərazidə yerləşən subasar, birinci, ikinci subasar terraslarda olan oduncaqlı bitkilərin yerləşdiyi fitosenozların strukturuna diqqət yetirilib və bitkilərin strukturunda baş vermiş dəyişikliklər qeydə alınıb. Qubadlı rayonunun Sarıyataq kəndi yaxınlığında Həkəri çayı ətrafında olan meşə fitosenozunda müşahidələr zamanı ağac-kol bitkilərində rast gəlinən zərərverici həşərat və xəstəlik törədicilərinə dair materiallar toplanılaraq, laboratoriya şəraitində ekzosklet hazırlamaq, zərərverici həşərat və xəstəlik törədicilərin növ tərkibini araşdırmaq, təhlillər aparmaq məqsədilə nümunələr əldə edilib.

Biomüxtəlifliyin genişləndirilməsi, genofondun bərpası istiqamətində, meşə sahələrinin bərpasında və davamlı istifadəsində Dendrologiya İnstitutunun təcrübə sahəsində alim və mütəxəssislər tərəfindən toxum, çiling vasitəsilə çoxaldılan dekorativ ağac və kol bitki kolleksiyasından istifadə etməklə, Zəngilan rayonu ərazisində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən institutun alim və mütəxəssislərinin Şərqi Zəngəzur iqtisadi bölgəsində elmi tədqiqat işləri aparmasına və tədqiqat ərazisinin dendroflorasının taksonomik tərkibinin müqayisəli öyrənməsinə ehtiyac var.

Ekspedisiya zamanı laboratoriya əməkdaşları tərəfindən götürülmüş nümunələr üzərində təyin, təhlil və tədqiqatlar laboratoriya şəraitində davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
107
azertag.az

1Sources