EN

Bu nailiyyətlər yalnız başlanğıcdır

Eldar Bağırov: Gələcəkdə daha böyük turnirlərdə iştirak edib, bu siyahıya yeni uğurlar əlavə edəcəyəm

Eldar Rüfət oğlu Bağırov Yasamal rayonu, Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdidir. O, ötən ilin oktyabr ayında Serbiyanın paytaxtı Belqradda keçirilən 31-ci “Skdun Shotokan Karate” dünya çempionatında 53 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək dünya çempionu tituluna yiyələnib. Bu, Eldarın ilk uğuru deyil. Belə ki, ölkədaxili yarışlarda da bir sıra uğular qazanan idmançımız Yunanıstanda keçirilən 30-cu “Skdun Shotokan Karate” dünya çempionatında III yerə layiq görülüb. Qeyd edək ki, E. Bağırov bu ilin aprel ayında İtaliyada keçirilmiş XIV Skdun Avropa Shotokan Karate Çempionatda da yüksək nəticə göstərərək II yerə çıxıb, medal və kubokla təltif edilib. Hazırda E. Bağırov oktyabr ayında Polşada karate üzrə keçiriləcək (14-15 yaşlılar arasında) dünya çempionatına hazırlaşır. O, bu yarışda 57 kq çəki dərəcəsində çıxış edəcək. Bu və ya digər suallarla Eldar Bağırova müraciət etdik. Beləliklə, müsahibimiz Eldar Bağırovdur.

-Əvvəlcə özün haqqında oxucularımıza qısa məlumat verməyinizi xahiş edirik.

- 18 yanvar 2011-ci ildə Bakı şəhərində anadan olmuşam. Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm, qiymətlərim də əladır. 2018-ci ildən karate ilə məşğulam. Ailəmiz 5 nəfərdən (atam, anam, bacım və məndən kiçik qardaşım) ibarətdir. Yeri gəlmişkən, fürsətdən istifadə edərək bacım Ayanı bu qəzet vasitəsilə bir daha təbrik etmək istəyirəm. O, bu il İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Müalicə işi fakültəsinə qəbul olunub.

-Necə oldu ki, səndə karateyə həvəs yarandı?

-İdmana, xüsusilə karateyə həvəsim uşaq ikən başlaylb. Hətta lap kiçik yaşlarımdan karate ilə bağlı filmləri izləyər, orada gördüklərimi tətbiq etməyə çalışardım. Həmin filmlərdəki döyüş səhnələri, idmançıların iradəsi və gücü məni hər zaman heyran edirdi. Az sonra qərara gəldim ki, bütün dünyada məşhur idman və döyüş sənəti hesab olunan karate ilə məşğul olacağam. Onu da deyim ki, artıq karate mənim üçün sadəcə bir idman növü deyil, o, həm də həyat tərzimə çevrilib.

- Paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012"ə gəlişini necə xatırlayırsan?

- Bəri başdan deyim ki, "Judo club 2012” digər idman ocaqlarından fərqlənir. Burada idmançılar üçün hər cür şərait yaradılıb. Məşqlər ciddi və yüksək dissiplinlə keçirilir. Elə məni də "Judo Club 2012” bu xüsusiyyətlərinə görə cəlb etdi və burada məşq etməyə başladım.

- İlk məşqçin barədə nələr deyə bilərsən?

- Mənim məşqçim dəfələrlə kontakt karate döyüş növləri üzrə respublika və beynəlxalq yarışların mükafatçısı, 3-cü Dan qara kəmər ustası, respublika dərəcəli hakim Namiq Pirverdiyevdir. Onu da deyim ki, karatenin əsas prinsipləri şəxsi inkişaf, nizam-intizam, səbir üzərində qurulur ki, bunlar da uğur qazanmaq üçün zərur şərtlərdir. Məşqçim bu vacib amilləri mənə aşılayıb. Odur ki, indiyədək əldə etdiyim hər bir uğurumda Namiq müəllimin imzası var. Hazırda Azərbaycan Karate-do Federasiyasında baş hakim vəzifəsində çalışan Namiq Pirverdiyev həm də Sumqayıt şəhərində karate idman növünün inkişafındakı xidmətləri ilə tanınır. Belə ki, o, Sumqayıtdan beynəlxalq arenalara çıxıb medal gətirən ilk 4 idmançıdan biri olub və bu sahədə şəhərin idman tarixinə adını yazdırıb. Yeri gəlmişkən, məşqçim əfsanəvi idmançı Rafael Ağayevlə həm rəqib, həm də məşq yoldaşı olub.

- İdmançı karyeranda ən çox kimin dəstəyini hiss etmisən?

- Uğur qazanmağın arxasında yalnız şəxsi əzmkarlıq və zəhmət dayanmır, eyni zamanda, dəstək də çox önəmlidir. Yəni, demək istəyirəm ki, bu yolda tək irəliləmirəm. Ətrafımdakı insanların – müəllimimin, ailəmin, dostlarımın və federasiyamızın dəstəyi hər zaman mənə əlavə güc verib. Xüsusilə Azərbaycan Karate-do Federasiyasının prezidenti Arif Məmmədovun dəstəyini qeyd etməliyəm (nə yazıq ki, o bir neçə gün öncə dünyasını dəyişib. Allah rəhmət eləsin). O, biz gənc idmançılara beynəlxalq yarışlarda iştirak üçün həm mənəvi, həm də maddi baxımdan daim dayaq olurdu. Onun rəhbərliyi ilə federasiya bizə dünya və Avropa çempionatlarına yüksək səviyyədə hazırlaşmaq, iştirak etmək və təcrübə qazanmaq imkanı yaratmışdı. Keçən ilin sonunda təşkil edilən "Qala Gecə" – ilin yekun tədbiri isə bu dəstəyin gözəl bir nümunəsi idi. Həmin tədbirdə il ərzində fərqlənən idmançılar mükafatlandırıldı və göstərilən diqqət bizi daha çox çalışmağa həvəsləndirdi. Ümid edirəm ki, bundan sonra mən və digər idmançı yoldaşlarımın uğurları, qələbələri Arif müəllimin ruhunu şad edəcəkdir.

Eyni zamanda, mənim şəxsi məşqçim Namiq müəllim bu yolda ən böyük dayaq nöqtələrimdən biridir. O həm də mənim həyat yolumu istiqamətləndirən bir müəllimdir, bir mentordur, yəni, müəyyən bir sahədə geniş həyat təcrübəsi və məlumatı olan bir şəxsdir. Ailəmizin sevgisi və zalda mənimlə bərabər məşq edən dostlarımın dəstəyi də həmişə mənə arxa, dayaq olub. Bir sözlə, onlar həmişə mənə əlavə motivasiya verirlər.

-Qazandığın uğurlar haqqında nə deyə bilərsən?

-Dubayda keçirilmiş turnirdə iştirakım mənim üçün çox yaddaqalandır. Çünki ilk dəfə böyük və möhtəşəm bir arena gördüm. Həmin turnirdə nəticə qazana bilməsəm də, bu, gələcək yarışlara daha ciddi yanaşmağım üçün təkan oldu. Məhz onda bir daha başa düşdüm ki, uğur qazanmaq üçün təkcə istək yox, həm də təcrübə lazımdır. Daha sonra Yunanıstanda təşkil olunan dünya çempionatında iştirak etdim. Burada komanda döyüşündə çıxış edərək dünya üçüncüsü oldum. Bu nəticə mənə həm sevinc, həm də inam verdi ki, beynəlxalq səviyyədə də uğur qazana bilərəm. 2024-cü  ilin oktyabr ayında Serbiyanın paytaxtı Belqradda keçirilən 31-ci “Skdun Shotokan Karate” dünya çempionatında 53 kiloqram çəki dərəcəsində çıxışım isə karyeramda dönüş nöqtəsi oldu. Burada fərdi yarışlarda güclü rəqiblərlə qarşılaşaraq bütün mərhələləri uğurla keçdim və dünya çempionu titulunu və ilk qızıl medalımı qazandım. Bu, mənim üçün çox böyük bir uğur idi və uzun illər çəkən zəhmətimin nəticəsi idi. Bu ilin ən önəmli yarışlarından biri isə İtaliyada keçirilən Avropa çempionatı oldu. Bu mötəbər turniri isə gümüş medulla bitirdim, Avropa ikincisi oldum. Bu yarışdan sonra belə qənaətə gəldim ki, mən daha da yüksəklərə irəliləyə bilərəm.

Onu da bildirim ki, bu uğurlar heç də asan əldə olunmayıb. Yəni, demək istəyirəm ki, onların hər birinin arxasında saatlarla davam edən məşqlər, təkmilləşdirmə, öz üzərində ciddi çalışma və psixoloji hazırlıq dayanır. İnanıram ki, bu nailiyyətlərim yalnız başlanğıcdır. Gələcəkdə daha böyük turnirlərdə iştirak edib, bu siyahıya yeni uğurlar əlavə edəcəyəm, daim öz üzərimdə çalışaraq həm özümə, həm də ölkəmə qürur anları yaşadacağam.

- Ən çətin döyüşünü necə xatırlayırsan?

- İndiyə qədər keçirdiyim döyüşlər arasında mənim üçün ən çətin və eyni zamanda ən yaddaqalan qarşılaşma əlbəttə ki, dünya çempionatının final mərhələsi olub. Həmin döyüşün ilk dəqiqələrindən etibarən rəqib çox güclü və aqressiv şəkildə hücuma keçdi, mən xal hesabı ilə geri düşdüm. Bu anlarda daxilimdə böyük bir sükunət yaratmağa çalışdım və öz-özümə dedim: “Hələ heç nə bitməyib. Nəfəs al və döyüşə qayıt!” Nəticədə döyüşün ortasında hesabı bərabərləşdirə bildim. Hər saniyə əhəmiyyətli idi, hər hərəkət düşünülmüş olmalıydı. Bu döyüş adi qarşılaşmadan fərqli olaraq əlavə döyüş hissəsi ilə davam etdirildi. Bu hissədə bütün gücümü və döyüş təcrübəmi ortaya qoydum. Tam konsentrasiya ilə rəqibə qarşı mübarizə apardım və nəticədə əlavə xallar qazanaraq 4:2 hesabı ilə qalib gəldim. Bu qələbə mənim üçün sadəcə medal deyil, həm də daxili gücümə, əzmkarlığıma və döyüş ruhuma olan inamın təntənəsi idi. Bu döyüşdən əldə etdiyim nəticə həm də bu oldu: ən çətin anlarda belə özünə inansan, ruhdan düşməsən hər şeyə nail olmaq mümkündür.

- Qalib gəldiyin yarışlarda bayrağımız qaldırılanda, himnimiz səslənəndə hansı hisslər keçirirsən?

-Hər qələbəmdən sonra himnimiz səslənəndə və üçrənglii bayrağımız qaldırılanda elə hisslər keçirirəm ki, sözün düzü, onları dilə gətirməkdə çətinlik çəkirəm. Amma sadəcə onu deyə bilərəm ki, o anlarda mənə elə gəlir ki, sevinən təkcə mən olmuram, bütün Azərbaycan olur. Bir məsələni də vurğulmaq istərdim. Dünya çempionatında qələbə qazanmaq uşaqlıq arzum idi. Həmin çempionatda beynimdə yalniz bir cümlə təkrar olunurdu: "Axır ki, sən bunu bacardın! Axır ki, sən öz bayrağını ucaltdın!" Mənə elə gəlir ki, bir idmançı üçün bundan artıq xoşbəxtlik ola bilməz.

-İdmançı kimi əsas hədəfin nədir?

- Bir idmançı kimi hədəfim beynəlxalq arenalarda ölkəmi layiqincə təmsil etmək və Azərbaycan Himnini xarici turnirlərdə səsləndirmək, bayrağımızı ucaltmaqdır. Hazırda əsas hədəfim Olimpiya çempionu olmaqdır. Bu hədəfimə çatmaq üçün yorulmadan çalışıram. Arzuma çatacağıma şübhə etmirəm.

-Ən çox bəyəndiyin idmançılar kimlərdir?

-Bəyəndiyim idmançılar çoxdur. Amma ən cox bəyəndiyim idmançı beşqat dünya çempionu, onbirqat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibi olan Rafael Ağayevdir. Onu da deyim ki, o, Azərbaycanın Olimpiya tarixində karate üzrə ilk medalçımız olub. Mən həmişə hücum strategiyasına üstünlük verən, eyni zamanda, müdafiədə olduqca çevik və ağıllı taktikalar tətbiq edən bu idmançının döyüşlərinə baxır və ondan çox şeylər öyrənirəm. Bu mənada idealım sandığım bu idmançı mənim üçün həm də bir ilham mənbəyidir.

-Yeri gəlmişkən, dünya karatesinin “Brilyant oğlanı”, həm də “Karatenin Messi”si hesab olunan Rafael Ağayevlə şəxsi tanışlığın varmı?

- Mənim Rafael Ağayevlə ilk görüşüm 2024-cü ilin yekununa həsr olunmuş qala gecəsində baş tutub. O gün mənim üçün çox unudulmazdır. Bu görüşdə Rafael müəllim mənə gələcək karate karyeramda uğurlar arzuladı. Üstəlik, döyüşlərimlə bağlı xoş sözlər dedi. Həmin gündən sonra bir daha əmin oldum ki, doğru yoldayam və bu yolda irəliləmək üçün daha çox çalışmalıyam. Bir sözlə, mən də onun kimi bir idmançı olmaq istəyirəm.

- Hobbin varmı?

-Futbola marağım var. İzləməyi də, oynamağı da sevirəm. Əvvəllər robotexnikaya da marağım olub. Lakin indi həm dərslər, həm də məşqlər ucbatından digər məşğuliyyətlərə vaxt ayıra bilmirəm. Az da olsa bəzən asudə vaxtım yaranır ki, onu da ailəmizlə birlikdə keçirirəm.

-Hər bir yeniyetmə və gəncin gələcəklə bağlı arzuları olur. Bəs, Eldar özünü gələcəkdə hansı peşənin sahibi görmək istəyir?

- Şübhəsiz, idman mənim həyatımın ayrılmaz hissəsidir. Amma dərslərimə də xüsusi önəm verirəm. Çalışıram ki, idmanla təhsili balanslı şəkildə aparım. Yəni, məktəbdə də uğur qazanmaq üçün əlimdən gələni edir, müəllimlərimin etimadını doğrultmağa çalışıram. Bir sözlə, mənim üçün yalnız güclü idmançı olmaq kifayət deyil. Eyni zamanda savadlı və bilikli bir gənc kimi də yetişmək istəyirəm. Özüm də savadlı mühəndis olmaq niyyətindəyəm. Odur ki, dəqiq fənlərə, xüsusilə riyaziyyat və fizikaya böyük maraq göstərirəm. Yeri gəlmişkən, babam Eldar Bağırov Əməkdar mühəndisdir. O, bir çox müəssisələrdə çalışıb. Onun böyük uğurları, hətta ixtiraları var. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyir. Babam mənim üçün kifayət qədər böyük bir nümunədir. Bir sözlə, adını daşıdığım babamın sənətini də layiqincə davam etdirmək ən böyük arzumdur. İnanıram ki, mən də cəmiyyətimizdə faydalı bir mühəndis kimi öz yerimi tutacağam.

- Hazırda səni oktyabr ayında Polşada karate üzrə keçiriləcək dünya çempionatı gözləyir. Bu mötəbər yarışa necə hazırlaşırsan?

- Polşada keçiriləcək dünya çempionatına çox ciddi hazırlaşıram. İstər fiziki hazırlıqlar, istər də təlim-məşqlərim fasiləsiz davam edir. Özümü sınamaq, beynəlxalq arenada nə dərəcədə güclü olduğumu göstərmək üçün bu yarışı növbəti böyük fürsət olaraq görürəm. İnanıram ki, məşqlərimin bəhrəsini orada görəcəyəm və bir daha sübut edəcəyəm ki, əzm və iradə ilə hər şey mümkündür.

-Ölkəmizin idman həyatı barədə fikirlərin…

- Bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Artıq neçə ildir ki, Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Onları isə saymaqla qurtarmaz. Amma onlardan bir neçəsini - Bakı-2015 I Avropa Oyunlarını, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını, Formula1-i, UEFA Avropa Liqasının final oyununu, sayca beşinci minifutbol üzrə dünya çempionatını misal göstərə bilərəm. Bütün bunlar bir daha göstərir ki, həqiqətən də ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Şübhəsiz, bu, ilk növbədə, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir. Bütün bunlari biz gəncləri idmana və davamlı qələbələr barədə düşünməyə sövq edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
24
28
ikisahil.az

10Sources