PSJ-nin baş məşqçisi Luis Enrike qarşıdakı mövsüm öncəsi komandasının hədəflərindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis həm Fransa, həm də Avropa arenalarında iddialı olduqlarını vurğulayıb.
“Yeni mövsümdə əsas məqsədimiz daha yaxşı olmaqdır. Titullar baxımından daha çətin olacaq, çünki daha çox uğur uğrunda mübarizə aparmalı olacağıq. Amma düşünürəm ki, həm hücumda, həm də müdafiədə irəliləyiş əldə edəcəyik. Hələ hansı sahəyə daha çox diqqət ayırmalı olduğumuzu müəyyənləşdirmək üçün vaxtımız var.
Biz hər bir titula iddialı olmaq istəyirik. Əlbəttə, hamımız inandığımız bir şey var – bütün mümkün titulları qazana bilərik. Əgər bunu bacarsaq, tarixə düşəcəyik. Üstəlik, möhtəşəm şəkildə. Bu isə bizi daha da motivasiya edir”, – deyə Luis Enrike bildirib.
Qeyd edək ki, ötən mövsümdə PSJ Fransa çempionluğu, kuboku və superkuboku qazanmaqla yanaşı, Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb. Fransa Liqa 1-in 2025/26 mövsümü 17 avqustda start götürəcək. Paris təmsilçisi ilk turda səfərdə “Nant”la qarşılaşacaq.