ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paris, 11 avqust, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron bu gün Ukraynanın gələcəyi ilə bağlı proseslərə təsir imkanını faktiki olaraq itirdi. O, ABŞ Prezidenti Donald Tramp ilə görüşən yeganə Avropa lideri olsa da, bu, sülh prosesində Fransanın kənarda qalmasının qarşısını almadı. Analitiklərin fikrincə, bu görüş, əslində, Parisin rolu üçün geriləmə göstəricisidir.
Makronun sülh təşəbbüsləri nəticəsiz qaldı. Parisdə keçirilən və yalnız seçilmiş Avropa liderlərinin dəvət olunduğu Zirvə görüşü heç bir konkret nəticə vermədi. Bu isə Avropanın birgə təhlükəsizlik sisteminin zəifliyini bir daha üzə çıxardı.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada planlaşdırılan görüş ərəfəsində bəyanatla çıxış edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışaraq bir daha vurğulayıb ki, “Ukraynanın gələcəyi, artıq üç ildən çoxdur azadlıq və təhlükəsizlik uğrunda mübarizə aparan ukraynalılar olmadan müəyyən edilə bilməz”.
Fransa Prezidenti bu bəyanatı Fransanın Var bölgəsində yerləşən Breqansondan Volodimir Zelenskiyə etdiyi telefon zəngindən sonra X sosial şəbəkə platformasında paylaşıb. Söhbət zamanı o, Trampın Rusiya ilə ərazi mübadiləsi barədə verdiyi təklifə də toxunub və bunun təhlükəli presedent yarada biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.
Fransa Prezidenti qeyd edib: “Avropalılar da bu məsələnin həllində iştirak etməlidir, çünki bu, onların təhlükəsizliyi ilə birbaşa bağlıdır”. O, həmçinin Almaniyanın kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə də bu mövzuda məsləhətləşmələr apardığını açıqlayıb.
Hazırda diqqət Tramp və Putin arasında Alyaskada keçiriləcək sammitə yönəlib. Lakin Emmanuel Makronun bu görüşdən kənarda qalması və proseslərə yalnız şərhlərlə reaksiya verməsi, bir çox müşahidəçilər tərəfindən Fransanın beynəlxalq arenada Ukrayna məsələsindəki rolunun zəiflədiyi kimi qiymətləndirilir.
Makronun “Ukrayna olmadan sülh mümkün deyil” çağırışı dəyərli olsa da, Fransa artıq sülh prosesindəki əsas danışıq masalarından kənarda qalıb. Bu, Fransa üçün diplomatik bir uğursuzluqdur.
Fransa lideri hələ də Avropanı birləşdirməyə çalışsa da, Trampın monoloji idarə strategiyası fonunda bu səylər səmərə vermədi. Makronun rolu Tramp və Putin görüşü fonunda, sülhdə söz sahibi olmaqdan çox uzaq qalmaqdır.
Bu vəziyyət göstərir ki, Makron Fransa üçün diplomatik güc olmaqdan daha çox, diplomatik anlamda uzaq mövqeyi ilə yadda qalır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.